Azərbaycan-Konqo münasibətləri yeni mərhələyə yüksələcək – TƏHLİL

Dostuna göndər xəbərdən agah olsun:

Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso Azərbaycana rəsmi səfərə gəlib. Onun Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək və geniş tərkibdə görüşləri olub.

Prezidentlər görüşlərdən sonra mətbuata birgə bəyanatlarla çıxış ediblər.

Qeyd edək ki, səfər çərçivəsində prezidentlərin iştirakı ilə Azərbaycan-Konqo sənədlərinin imzalanması mərasimi olub.

İlham Əliyev və Deni Sassu-Nqesso “Azərbaycan Respublikası və Konqo Respublikası arasında əməkdaşlıq haqqında Bəyannamə”ni imzalayıblar.

Bundan başqa da sənədlər imzalanıb. Prezident İlham Əliyev mətbuata birgə bəyanat zamanı deyib ki, imzalanan Bəyannamə çox önəmli və sanballı bir sənəddir. Dövlət başçısı qeyd edib ki, bu sənəd ölkələr arasındakı əməkdaşlığın perspektivlərini müəyyən edəcək.

“Əminəm ki, Konqo ilə Azərbaycan arasında güclü dostluq əlaqələri yaradılacaq”, – deyə İlham Əliyev söyləyib.

İlham Əliyev daha sonra bildirib ki, görüşlərdə bir çox önəmli məsələlər müzakirə olunub, fikir birliyi ifadə edilib.

“Bizim siyasi əlaqələrimizin bundan sonra uğurla inkişaf edəcəyinə heç kimdə şübhə yoxdur və bu gün imzalanmış əməkdaşlıq haqqında Bəyannamə bunu bir daha təsdiq edir.

Biz bundan sonra da beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək əsasında qarşılıqlı fəaliyyətimizi davam etdirəcəyik, xüsusilə BMT-də və Qoşulmama Hərəkatı çərçivəsində. Qoşulmama Hərəkatına bu ilin yanvar ayına qədər dörd il uğurla sədrlik etmiş Azərbaycan Konqonun dəstəyini hər zaman hiss edib. Bizim təşəbbüslərimizə Konqo hər zaman öz dəstəyini verib və bunun nəticəsində sədrliyimiz dövründə Qoşulmama Hərəkatının institusional inkişafı da təmin edilib”, – deyə İlham Əliyev bildirib.

Prezident onu da qeyd edib ki, həmkarı ilə görüşlər zamanı iqtisadi sahədə də əməkdaşlıq haqqında geniş fikir mübadiləsi aparılıb. Nümayəndə heyətlərinin üzvlərinə konkret tapşırıqlar verilib.

Dövlət başçısı bildirib ki, Azərbaycan Konqoda bir çox investisiya layihələrində iştirak etmək fikrindədir, ilk növbədə, kənd təsərrüfatı sahəsində:

“Bərpa olunan enerji sahəsində, energetika sahəsində, mədənçilik və digər sahələrdə əməkdaşlıq üçün çox gözəl perspektivlər var. Bu gün müzakirə aparıldı, müvafiq göstərişlər verildi və əminəm ki, gələcək aylar ərzində bizim nümayəndələrimiz bir-biri ilə sıx təmasda olacaqlar”.

Qeyd edək ki, Konqo təbii resurslarla zəngin neft hasil və ixrac edən ölkədir. Bu ölkə inkişaf etmiş kənd təsərrüfatı infrastrukturuna malikdir. Bu sahələrdə Azərbaycanla əməkdaşlıq etməyə hazırdır.

Prezident Deni Sassu-Nqesso isə bəyanatında bildirib ki, Konqo Azərbaycanın bu yaxınlarda digər ağır mübarizə sahəsində – iqlim dəyişiklikləri sahəsində oynayacağı rolu alqışlayır, çünki Azərbaycan COP29-a ev sahibliyi edəcək.

“Biz artıq ölkələrimiz arasında qurulmuş əlaqələri alqışlayırıq və Azərbaycanı COP29-a hazırlıq çərçivəsində də alqışlayırıq. Biz Azərbaycan rəsmilərini dəvət etdik ki, iqlim dəyişikliklərinə qarşı mübarizədə ölkəmizin yanında olsunlar. Biz Prezidentə Konqoda, Brazzavildə təşkil etdiyimiz dünyanın ən böyük üç tropik meşə hövzəsi – Amazoniya, Cənub-Şərqi Asiyada Borneo Mekonq və Konqo hövzəsi sammitində güddüyümüz məqsədlər barəsində məlumat verdik. Bu sammit ötən ilin oktyabrında keçirilib və biz Prezidentə yalnız bu sammitin uğuru barəsində məlumat verə bilərik. Ondan sammitin nəticələrini nəzərə almasını ancaq xahiş edə bilərik, çünki bu il Azərbaycan COP29-a ev sahibliyi edəcək”, – deyə o bildirib.

Göründüyü kimi, Konqo prezidentinin Azərbaycana ilk səfəri Bakının Qoşulmama Hərəkatı çərçivəsində uğurlu fəaliyyətinin nəticəsidir. Bununla da Azərbaycanın dünyanın müxtəlif bölgələri, o cümlədən də Afrika qitəsi ölkələri ilə əlaqələri inkişaf edir.

Bildirək ki, istər tarixi kontekstdə, istərsə də cari dövr baxımından Azərbaycanın Afrika ölkələri ilə yaxşı əlaqələri var. Hələ SSRİ dövründə Afrika ölkələrindən olan çoxlu sayda tələbə Azərbaycanın ali məktəblərində təhsil alıb. Azərbaycan pandemiya dövründə Afrika ölkələrinə dəstək verib, ikitərəfli münasibətləri inkişaf etdirib.

Azərbaycanın 30 illik müstəqillik dövründə əldə etdiyi uğurlar Afrika ölkələri tərəfindən maraqla qarşılanır.

Qeyd edək ki, Azərbaycanın kolonializmə qarşı mübarizəsi, Bakı Təşəbbüs Qrupunun yaradılması Afrika qitəsi ölkələri tərəfindən olduqca müsbət qarşılanır və dəstəklənir. Hətta Fransanın ənənəvi aktiv olduğu Afrika regionunda da Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı artır. Bunlardan biri də məhz Konqodur.

Görünür ki, Azərbaycanla Konqonun münasibətləri daha yüksək mərhələyə keçəcək.

Aqil Vəlili

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(051) 5062008 (Whatsapp)