Qubada 150 yaşlı məscid dağılmaq təhlükəsi ilə üzləşib – REPORTAJ

Dostuna göndər xəbərdən agah olsun:

Quba rayonunun Yuxarı və Aşağı Xanagah kəndlərində yerləşən qədim məscidlər uzun müddət təmir olunmadığından qəzalı vəziyyətə düşüb.

“Report”un Şimal bürosunun əməkdaşı kənddə olub, tarixi binaya baş çəkib.

Rayon mərkəzindən 40 kilometr məsafədə yerləşən, Rustov inzibati ərazi dairəsinin kəndlərindən biri olan Xanagah kəndləri Çağacıq çayının hər iki sahilində yerləşir. Yerli əhali kəndi Yuxarı Xanagah və Aşağı Xanagah adlandırır. Kəndin daha qədim hissəsi olan Yuxarı Xanagah Şahdağ Milli Parkının ərazisində, Aşağı Xanagahdan dörd kilometr məsafədə yerləşir. Hazırda bu kənddə əlliyə yaxın ev var.

Yerli əhali sovet hakimiyyəti qurulduqdan sonra tədricən Rustov kəndinin mərkəzinə yaxın ərazilərdə məskunlaşmağa başlayıb. Bu kənddə iki əsrə yaxın yaşı olan binalar var. Onlardan biri də 1868-ci ildə inşa edilən məsciddir. İbadət ocağı yararsız hala düşdüyündən hazırda fəaliyyət göstərmir. 156 yaşı olan məscid tamamilə dağılıb.

Aşağı Xanagah sakinləri 19-cu əsrin ortalarında özlərinə yeni məscid tikiblər. Bura uzun illər ibadət üçün açıq olub. Hazırda bu tarixi tikili də qəzalı və yararsız vəziyyətdədir.

Məscid Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə dövlət qeydiyyatına götürülüb, daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına yerli əhəmiyyətli memarlıq abidəsi kimi 4660 inventar nömrəsi ilə daxil edilib.

Məsələ ilə bağlı “Report”un yerli bürosuna açıqlama verən Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli bildirib ki, sözügedən yerli əhəmiyyətli tarixi-memarlıq abidəsinin vəziyyətindən xəbərdardırlar.

“Tarixi abidələr dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu hesabına tikintisi nəzərdə tutulmuş layihələrin siyahısına daxil edilərək mərhələli şəkildə bərpa, konservasiya işləri həyata keçirilir. Bu məqsədlə Xanagah kənd məscidi də müvafiq siyahıya daxil edilib və investisiya layihələrinin icrası çərçivəsində bərpası planlaşdırılır. Eyni zamanda, ölkə ərazisində bərpaya ehtiyacı olan tarixi abidələrin çoxluğunu nəzərə alaraq, belə tarixi tikililərin qanunvericilik çərçivəsində ianələrlə bərpa edilməsində də maraqlıyıq. Bu istiqamətdə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən müəyyən təbliğat işləri aparılır”, – o qeyd edib.

 

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45