Restorana oğurluğa gedib, içki içib yatan şəxsə hökm oxundu

Dostuna göndər xəbərdən agah olsun:

Bakının Badamdar qəsəbəsində yerləşən restoranlardan birindən oğurluq etmək istəyən şəxsə hökm oxunub.

“Qaynarinfo”nun məlumatına görə, hadisəni 1991-ci ildə Ağcabədi rayonunun Kəhrizli kəndində anadan olmuş Rəşad Fərəcov (ad-soyad şərti) törədib.

Rəşad Fərəcov restoranda bir ildən artıq işləyib. Ofisiant kimi fəaliyyət göstərən həmin şəxsin restoranın sahibi ilə münasibətləri pisləşib və işdən azad edilib. Qisas almaq məqsədilə restorandan oğurluq etmək qərarına gəlib.

Bu məqsədlə obyektin əsas giriş qapısının şüşəsini sındıraraq içəri daxil olub. O, restoranda olduğu zaman spirtli içki qəbul edib, sərxoş vəziyyətdə müxtəlif əşyaları sellofan paketlərə yığıb, sonra zalda yuxuya gedib. Səhər saatlarında restoranın işçiləri onu zalda görüb, polisə məlumat veriblər.

Rəşad Fərəcov niyyətinin restoranda spirtli içki qəbul etməkdən ibarət olduğunu, əvvəlcədən oğurluq etməyi planlaşdırmadığını bildirib. Bütün əşyalar geri qaytarılıb və əməlindən peşmandır.

Məhkəmənin hökmü ilə Rəşad Fərəcov Cinayət Məcəlləsinin 29,177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45