Laçında daha 24 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB + FOTO
Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə və Zabux kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Laçın bu gün 24 ailəyə qucaq açıb. Ailələr Laçında qarşılandıqdan sonra onlara ANAMA əməkdaşları tərəfindən mina və partlamamış silah-sursatların təhlükəsi barədə ətraflı məlumat verilib. Tanımadıqları naməlum əşyalar və cisimlərdən uzaq durmaları və belə hallarla qarşılaşdıqları zaman aidiyyəti qurumlara xəbər vermələri tövsiyə olunub.
Açarların təqdim edilməsi mərasimində Şərqi Zəngəzur İqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Şərqi Zəngəzur İqtisadi rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, “Laçın Abadlıq Xidməti” ASC-nin əməkdaşları və digər şəxslər iştirak ediblər.
Ailələr sevinc hissi ilə açarları təhvil alıb və evlərində məskunlaşıblar.
Beləliklə bu gün 20 ailə olmaqla, 78 nəfər Laçın şəhərinə, 4 ailə olmaqla, 11 nəfər Zabux kəndinə köçüb.
Bununla da Laçın şəhərində 451 ailənin, yəni 1705 nəfərin, Zabux kəndində isə 211 ailə olmaqla, 808 nəfərin daimi məskunlaşması təmin edilib.
16:25
Böyük Qayıdış üzrə Laçına növbəti köç prosesi gerçəkləşib. Səhər saatlarında Qaradağ rayonundan yola salınan ailələr doğma yurdlarına çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Laçın rayonu bu dəfə 24 ailəyə qucaq açıb, daha 89 laçınlının yurd həsrəti bitib. Onlardan 20 ailə olmaqla, 78 nəfər Laçın şəhərinə, 4 ailə olmaqla, 11 nəfər Zabux kəndinə köçüb.
Uzun illər sonra yenidən Laçına qədəm qoyan ailələr sevinc göz yaşları ilə doğma yurdlarına qovuşub. Onlar böyük coşqu ilə qarşılanıblar və Laçının gözəl mənzərəsini seyr ediblər.
Doğma yurda qayıdan Laçın sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.
Bununla da Laçın şəhərində 451 ailənin, yəni 1705 nəfərin, Zabux kəndində isə 211 ailə olmaqla, 808 nəfərin daimi məskunlaşması təmin edilib.
Köçürülən ailələrin Laçın şəhərində və Zabux kəndində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.
08:32
Laçın şəhəri və Zabux kəndinə növbəti köç karvanı yola düşüb.
“Report” xəbər verir ki, bu mərhələdə Laçın şəhərinə daha 20 ailə – 78 nəfər, Zabux kəndinə isə 4 ailə – 11 nəfər köçürülür.
Köçürülən ailələr Qaradağ rayonu “Qobu Park-3” köçkün şəhərciyində məktəbin qarşısından Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Laçın Rayon İcra Hakimiyyətinin nümayəndələri tərəfindən yola salınıb.
Köçürülənlərin nəqliyyat vasitələri karvanları Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları tərəfindən qarşılanacaq və onların yaşayış sahələrində yerləşdirilməsi ilə bağlı zəruri tədbirlər görüləcək.
Bununla da bugünkü köç də nəzərə alınmaqla Laçın şəhərinə cəmi 451 ailə (1705 nəfər) köçürülüb. Zabux kəndinə köçürülənlərin sayı isə 808 nəfərə çatıb (211 ailə).
(055) 436-46-45