Bakıda bir sıra obyektlər içməli sudan qanunsuz istifadə ediblər – FOTO/VİDEO
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən bəzi ərazilərdə sudan qanunsuz istifadə halları aşkar edilib.
Bu barədə qurumdan məlumat yayıb.
Bildirilib ki, Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsində fəaliyyət göstərən supermaketin su təchizatı sisteminə baxış keçirilərkən məlum olub ki, obyektin su təchizatı sisteminə qoşulmaq üçün texniki şərti yoxdur və müqavilə bağlanmayıb. Supermarketin su təchizatı şəbəkəyə özbaşına qoşulmuş xətt vasitəsilə aparılıb.
“Qobu Park” yaşayış massivində çoxmənzilli yaşayış binasının zirzəmisində yerləşən “Kabab evi”ndə də sudan qanunsuz istifadə halı aşkar edilib. Obyekt sahibi texniki şərt almadan və müqavilə bağlamadan binanın daxili su təchizatı sisteminə özbaşına birləşmə verib.
Lökbatan qəsəbəsi yaxınlığında yerləşən məişət avadanlıqlarının saxlanma anbarında da içməli sudan uçotsuz istifadə aşkarlanıb. Anbar sahibi texniki şərt almadan və müqavilə bağlamadan yaxınlıqdan keçən su kəmərindən özbaşına su xətti çəkib.
Nəzarət tədbirləri zamanı aşkar edilən bütün qeyri-qanuni xətt və birləşmələr kəsilərək ləğv edilib.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi vətəndaşların və sahibkarların diqqətinə çatdırır ki, içməli sudan qeyri-qanuni və sayğacdankənar istifadə şəbəkələrdə hidravliki rejimlərin pozulmasına, ciddi su itkilərinə, həmin ərazilərdə yaşayan digər abonentlərin su təchizatının pisləşməsinə səbəb olur. Belə qanunsuz halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş və sayğacdankənar xətlər ləğv olunacaq, bu əməllərə yol verən fiziki və hüquqi şəxslərə qarşı sərt nəzarət tədbirlərinin görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunacaq.
Qeyd edək ki, 2023-cü ildə içməli sudan qeyri-qanuni istifadə ilə bağlı 15 533, Qaradağ rayonunda isə 159 fakt aşkarlanaraq qarşısı alınıb.
(055) 436-46-45