TƏBİB qızılca peyvəndi etdirən şəxslərin sayını AÇIQLADI

Dostuna göndər xəbərdən agah olsun:

TƏBİB-in tibb müəssisələrində 13 minə yaxın şəxs qızılca peyvəndi olunub.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) məlumatında deyilir.

Bildirilir ki, ölkə ərazisində uşaqlar və böyüklər arasında qızılca xəstəliyinə yoluxma halları qeydə alınmaqdadır. Epidemioloji vəziyyətin təhlili göstərir ki, xəstəlikdən ağırlaşma və ölüm halları, əsasən, qızılcaya qarşı peyvənd olunmayan şəxslərdə müşahidə olunur. Bunu nəzərə alaraq, ötən ilin 27 dekabr tarixindən etibarən vaxtında qızılcaya qarşı peyvəndlənmədən kənarda qalan, heç vaxt bu xəstəliyi keçirməyən 11-40 yaşlı əhali qrupu arasında da peyvəndlənmə prosesi aparılır.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən ölkəyə idxal edilən vaksin preparatları ilə peyvəndlənmə prosesi TƏBİB-in tabeliyindəki ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrində könüllülük prinsipi əsasında aparılır. Peyvəndlənmə prosesinə başlanılan tarixdən bu günədək 11-40 yaş aralığında peyvənd olunan şəxslərin sayı 10 161 nəfər təşkil edib.

Ümumilikdə isə TƏBİB-in tabeliyində olan tibb müəssisələrində 12 882 nəfər QPM (qızılca, parotit, məxmərək) və QM (qızılca, məxmərək) peyvəndi olub.

Qeyd edək ki, peyvəndlənmə qızılca xəstəliyinə qarşı ən effektiv profilaktika üsuludur.

Milli peyvənd təqviminə əsasən, qızılcaya qarşı immunizasiya bir və altı yaşlarında olmaqla iki doza şəklində kombinə olunan QPM (qızılca, parotit, məxmərək) peyvəndi ilə aparılır.

Altı yaşından yuxarı heç vaxt peyvənd olunmamış şəxslərin isə 1-ci və 2-ci dozası arasında müddət minimum dörd həftə olmalıdır. Daha öncə QPM peyvəndinin yalnız 1-ci dozasını almış şəxslərdə 1-ci dozanı təkrarlamadan peyvəndləmə davam etdirilməlidir.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45