Azərbaycanda narkotiklə bağlı cinayətlərin 70,6 faizini işsiz və oxumayanlar törədib
Ötən il Azərbaycanda narkotiklə bağlı cinayətlərin 70,6 faizini heç yerdə işləməyən və oxumayanlar törədib.
Bu barədə Dövlət Statistika Komitəsinin Daxili İşlər Nazirliyinin məlumatlarına istinadən yaydığı illik hesabatda qeyd olunub.
Bildirilib ki, onlardan 2,8 faizini qadınlar təşkil ediblər. Cinayət törədənlərin 0,2 faizi 14-17 yaşda olan uşaqlar, 6,0 faizi 18-24 yaşlı, 15,9 faizi 25-29 yaşlı gənclər, 77,9 faizi isə 30 və yuxarı yaşlı şəxslər olub.
Qeydə alınan 36811 cinayət hadisəsinin 10057-si və ya 27,3 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub ki, bu da 2022-ci ilin göstəricisindən 5,7 faiz azdır.
Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət törədən 8697 şəxs müəyyən edilib. Onların 35,6 faizini əvvəllər də cinayət məsuliyyətinə cəlb olunan şəxslər təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,0 faiz çoxdur. Cinayət törətmiş şəxslərin 98,1 faizi cinayət məsuliyyətinə cəlb olunublar.
Məlumata görə, 6343,4 kiloqram və ya 2022-ci ilin göstəricisi ilə müqayisədə 26,0 faiz çox narkotik vasitə və psixotrop maddə müsadirə edilib. Qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin və psixotrop maddələrin 3823,7 kiloqramını marixuana, 1939,3 kiloqramını heroin, 261,2 kiloqramını tiryək, 65,2 kiloqramını həşiş, həşiş yağı və qətranı, 0,5 kiloqramını kokain, 253,5 kiloqramını isə digər narkotik və güclü təsiredici vasitələr təşkil edib.
(055) 436-46-45