Əliyevlə Baydenin xüsusi koordinatorunun müzakirələri: Dərinlikdə nə var? – TƏHLİL + FOTO
Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Co Baydenin qlobal infrastruktur və enerji təhlükəsizliyi üzrə xüsusi koordinatoru Amos Hoxşteynlə görüşü diqqətəlayiqdir.
Çünki ABŞ NATO-nun öndəri kimi Azərbaycanla münasibətlərin inkişafına önəm verir.
Hərçənd, Vaşinqtonun Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanmasındakı rolu geosiyasi rəqabət şəraitində Bakı üçün bir qədər neqativ çalarlara malikdir.
Bu amil Azərbaycanla ABŞ arasında siyasi gərginlik yaratsa da, ikitərəfli əlaqələrin dinamikasında NATO-nun regional təhlükəsizliklə əlaqədar Bakı ilə əməkdaşlıq prinsipləri önə verilir.
Çünki regional təhlükəsizlik Azərbaycanın sahibi olduğu enerji resurslarının Avropa bazarlarındakı diversifikasiyası üçün münbit orbitdir.
Bu baxımdan, ABŞ regional təhlükəsizliyin aspektlərini enerji sahəsindəki möhkəm sabitliklə tutuşdurmaq arzusundadır. Burada ABŞ-nin Cənubi Qafqazdakı regional qüvvələr nisbətində lider olan Azərbaycanla əməkdaşlığı dərinləşdirmək üçün mərhələli danışıqlara üstünlük verməsi başadüşüləndir.
Bu xətt ABŞ-nin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindəki “qiyməti”ni dəyişə bilmək potensiallarını artırır.
Çünki enerji resurslarının şaxələnməsi Azərbaycanın Zəngəzur dəhlizi layihəsinə önəm verməsi ilə yeni dəyər qazanır. Misal üçün, yaşıl enerjinin xarici bazarlara çıxışının təmin edilməsi Azərbaycanın regionda geosiyasi reallıqları dəyişdirə bilmək və Zəngəzur dəhlizi proyektinin fonunda əhəmiyyət kəsb edir.
Bu o deməkdir ki, Azərbaycanla ABŞ arasındakı energetika sahəsindəki əməkdaşlığın dərinlikləri Vaşinqtonun İrəvana qarşı Bakıya dəstəkləri ilə nəticələnə bilər.
Co Baydenin xüsusi koordinatorunun İlham Əliyevlə görüşü Ağ Evin qeyd olunan iki istiqaməti vahid paket daxilində tutmasının göstəricisidir.
Çünki Əliyevlə Hoxşteynin müzakirələrində Orta Dəhlizin inkişaf etdirilməsi amilinin vurğulanması geniş təhlükəsizlik aspektlərinə baxış bucağı kimi başa düşülə bilər.
Düzdür, Orta Dəhliz Çin mərkəzli beynəlxalq ticari marşrut kimi əhəmiyyət qazanır. Ancaq ABŞ-nin də Orta Dəhlizdə iştirak edən ölkələrlə – Qazaxıstan, Azərbaycan, Türkiyə, Gürcüstan – əlaqələrində yeni səhifə açması sirr deyil.
Ancaq Azərbaycanın istədiyi budur ki, ABŞ-nin perspektiv praktiki xətti Vaşinqtonun Rusiya və Çinlə artan gərginliklərinin davamında ciddi regional fəsadlar yaratmasın.
Buradan belə nəticəyə gəlmək olar ki, ABŞ ilə Azərbaycanın növbəti müzakirələrinin quruluşu qarşılıqlı ehtiyaclar və anlaşmalar baxımından daha güclü olmalıdır.
(055) 436-46-45