Bakıda vəzifəli qadının əkiz uşaqlarını döyən dayə həbs edildi
Bakıda vəzifəli qadının əkiz övladlarını döyən dayə ilə bağlı məhkəmə qərar verib.
“Qaynarinfo”nun məlumatına görə, Afaq Əhmədpaşayeva 1976-cı il təvəllüdlü Sənubər (şərti-ad) adlı qadını 2023-cü il təvəllüdlü əkiz övladlarına baxılması üçün dayə tutub. Sənubər 5 il dayə fəaliyyəti ilə məşğul olub. O, bir ay müddətində Səbail rayonunda yaşayan Afaq Əhmədpaşayevanın evində iki azyaşlı övladına dayəlik edib. Əkizlərin anası övladlarının bədənində xəsarət izlərinin olmasından narahat olmağa başlayıb. O, mənzilin müşahidə kameralarına baxan zaman məlum olub ki, uşaqlarından biri ağladığı üçün baxıcı qadın onların başına əli ilə vurub və onlara fiziki xəsarət yetirib. Afaq Əhmədpaşayeva dərhal dayə ilə bağlı Daxili İşlər Nazirliyinin Səbail Rayon Polisi İdarəsinin 41-ci Polis Bölməsinə şikayət ünvanlayıb.
Dayə barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi protokol tərtib olunaraq, iş məhkəməyə göndərilib. Məhkəməyə təqdim edilən videogörüntüyə baxış keçirilib. Müəyyən edilib ki, dayə gecə saat 00:30-da azyaşlı uşaqların birinin baş nahiyəsinə əli ilə şillə vurub.
Məhkəmədə təqsirləndirilən şəxs əməlindən səmimi peşman olduğunu, azyaşlını vurduğunu təsdiqlədiyini, lakin xəsarət yetirmədiyi bildirib.
Buna görə uşaqların anasından üzr istədiyini deyib.
Məhkəmənin hökmü ilə, dayə İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib və 15 gün müddətinə inzibati qaydada həbs edilib.
Əldə etdiyimiz məlumata görə, Afaq Əhmədpaşayeva tibbi mağazalar şəbəkəsinin insan resursları şöbəsinin müdiridir.
(055) 436-46-45