Cəlilabadda 101 yaşlı seçici səs verib – FOTO
Cəlilabad rayonunda 101 yaşlı seçici prezident seçkisində səsvermə hüququndan istifadə edib.
“Report”un Muğan bürosunun məlumatına görə, Cəlilabadın Seyidbazar kəndində yaşayan 1923-cü il təvəllüdlü Həcər Rüstəmovanın evinə daşınan seçki qutusu aparılıb və seçici səs verib.
H.Rüstəmova 71 saylı Cəlilabad şəhər dairə seçki komissiyasının 23 saylı Seyidbazar kənd seçki məntəqəsində qeydiyyatdadır. Həmin dairə üzrə 51 min 348 seçici var. Seçki dairəsi ərazisində 53 seçki məntəqəsi fəaliyyət göstərir. Seçicilərdən 2 740 nəfəri ilk dəfə səs verəcək gənclərdir. 14 məntəqədə veb-kamera quraşdırılıb.
Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilir.
Seçkidə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparırlar.
(055) 436-46-45