DYP avtomobil sahiblərinə müraciət edib
Baş Dövlət Yol Polisi İdarəsi avtomobil sahiblərinə müraciət edib.
İdarədən verilən məlumata görə, müraciətdə deyilir:
“Bir çox hallarda avtomobil sahibləri avtoyuma və ya təmir məntəqələrinin xidmətlərindən istifadə edərkən nəqliyyat vasitəsinin açarlarını işçilərə etibar edir, lakin əmlakın sonrakı aqibətindən xəbərsiz olurlar.
Bəzən belə yanaşmalar məntəqədə çalışan və adətən gənc, hərəkətlərinin məsuliyyətinin fərqinə varmayan şəxslərə nəqliyyat vasitələrindən qanunsuz istifadə fürsəti verir ki, bu da sonda insanların həlak olması, yaralanması, yaxud maddi ziyanla nəticələnən yol-nəqliyyat hadisələrinin, oğurluqların, əmlakdan sui-istifadə hallarının baş verməsinə real zəmin yaradır.
Bununla yanaşı, xidmət göstərməli olduqları avtomobildən istifadə etməklə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törətmiş şəxslər məsuliyyətə cəlb edilərkən hüquqazidd əməlin törədilməsində alət və ya bilavasitə obyekt olmuş nəqliyyat vasitəsi ilə bağlı qərarlar qəbul edilir ki, bu da əmlak sahibi üçün əlavə problemlər deməkdir.
Odur ki, avtomobil sahiblərinə müraciət edərək tövsiyə edirik ki, təmir və ya avtoyuma məntəqələrinin xidmətlərindən istifadə edərkən mümkün qədər məntəqəyə yaxın ərazidə olmağa çalışın, avtomobilinizi təsadüfi deyil, tanıdığınız, məsuliyyətli, peşəkar insanlara etibar edin.
Unutmayın ki, bəzən etinasız yanaşdığımız bir hal sonradan bərpası mümkün olmayan fəsadlara yol aça bilər”.
(055) 436-46-45