Vətəndaşlar etiraz etdilər, nişanlar söküldü – FOTO

Dostuna göndər xəbərdən agah olsun:

Bakının Səbail rayonu Neftçilər prospektindəki (Dövlət Kukla Teatrının qarşısı) yeraltı keçidə vurulan yeni qadağanedici işarələr sosial şəbəkələrdə müzakirə yaradıb.

“Qafqazinfo” xəbər verir ki, işarələrlə velosiped və skuter sürücülərinin bu keçiddən istifadəsi, bundan savayı, sözügedən yerdə şəkil çəkdirmək qadağan edilib. Bildirilib ki, bəzi yeniyetmə və gənclər keçiddən təyinatı üzrə istifadə etməyərək burada skeytbordinq hərəkətləri edirlər. Velosiped istifadəçiləri, xüsusilə kuryerlik edənlər isə qadağaların onların hərəkətlərinə və fəaliyyətlərinə maneə törətdiyini, ərazidə onların keçməsi üçün başqa alternativin olmadığını bildirirlər.

Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli bildirib ki, bir neçə gün əvvəl keçidin divarlarına vurulmuş nişanlar artıq sökülüb:

“Sözügedən ünvandakı qadağalar sakinlərin müraciəti əsasında tətbiq olunub. Belə ki, bəzi paytaxt sakinləri, xüsusən də yeniyetmə və gənclər yeraltı keçiddən təyinatı üzrə istifadə etmək əvəzinə, orada velosiped, skuter sürüb, piyadaların gediş-gəlişinə mane olurlar.

Eyni zamanda keçidin müəyyən hissələrində dayanıb fotoçəkiliş aparanlar da vətəndaşların sərbəst hərəkətinə maneə törədiblər. Bununla bağlı vətəndaşlar dəfələrlə agentliyə müraciət ediblər. Bu kimi səbəblərdən həmin yeraltı keçiddə qadağanedici işarələr qoyulmuşdu.

Lakin bu qadağaların cəmiyyətdə birmənalı qarşılanmadığı, etiraz doğurduğu nəzərə alınaraq, sonradan həmin işarələr götürülüb. Bununla belə, velosipedçi və skuterçilərə tövsiyə edirik ki, yeraltı keçidlərdən, piyada zolaqlarından keçərkən qanunvericiliyin tələblərinə riayət etsinlər, həm özlərini, həm də digər hərəkət iştirakçılarını təhlükəyə atmasınlar”.

 

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45