Son 24 saatda Ukraynaya iki yüzə yaxın mərmi atılıb
Son sutka ərzində Ukraynanın cəbhədən kənar əraziləri kütləvi hücuma məruz qalıb. Kiyev vilayəti də daxil olmaqla, Çerkassı, Sumı, Dnepropetrovsk, Kirovoqrad, Zaporojye, Xerson, Xarkov, Donetsk vilayətləri Rusiya ordusu tərəfindən əsasən dron zərbələrinə məruz qalıb.
Vilayətlərdə yerli qurumların Şərqi Avropa bürosuna verdikləri məlumata görə, son 24 saat ərzində aktiv döyüşlərin getdiyi yüzə yaxın yaşayış məntəqəsindən əlavə, Ukrayna ərazisinə iki yüzə yaxın mərmi atılıb. Cəbhəyanı şəhərlər istisna olmaqla, 5 nəfər həlak olub, 10-a yaxın insan yaralanıb.
Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının rəsmisi Yuri İqnat “Report”a hücumla bağlı durumu şərh edib: “Yanvarın 30-na keçən gecə Rusiya Donetsk vilayətini atəşə tutub. Belə ki, bu vilayətin Mirnoqrad şəhərinə iki “S-300” raketi ilə zərbə endirilib. Bundan başqa, hücum zamanı 35 “Shahed” pilotsuz uçuş aparatından (PUA) istifadə edilib. Ukrayna ordusunun bölmələri bu PUA-ların 15-ni məhv edib. 15 PUA Ukrayna ərazisinin dərinliyində yerləşən bölgələrdə zərərsizləşdirilib. Yerdə qalan pilotsuz uçuş aparatları cəbhəyanı bölgələrə zərbə endirib”.
O bildirib ki, söhbət təmas xəttindən və Rusiya ilə həmsərhəd olan ərazilərdən gedir: “İlk dəfə deyil ki, “Shahed” vasitəsilə həm hərbi, həm də mülki obyektlərə zərbələr endirilir. Anlayırıq ki, cəbhəyə yaxın ərazidə yerləşən bölgələrə hücumlar həyata keçirilir və belə qısa məsafədə “Shahed”ləri vurmaq çox çətindir. Buraya bir çox obyektiv amillər lazımi silahların olmaması, məsafənin qısa olması və s. daxildir. İtki və dağıntılar barədə dəqiq məlumatım yoxdur. Bir sözlə, Rusiyanın bu hücumunun da qarşısı alınıb. Üstəlik, bəzi səbəblərə görə də Rusiya PUA-larının hamısı hədəfə çatmır”.
(055) 436-46-45