İnkişafın yeni mərhələsi: Qarabağ və Şərqi Zəngəzura qayıdış – “Kaspi”nin TƏHLİLİ + FOTO
Modern Azərbaycanın tarixində yeni mərhələyə start verilir: Qarabağ və Şərqi Zəngəzura qayıdış. Bu proses postmüharibə mərhələsinin başlıca trendi olacaq.
Mövzu ilə bağlı “Kaspi” qəzetinin təhlilini təqdim edirik.
Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsinin başlıca tezisi müstəqil Azərbaycan tarixinin yeni mərhələsinin rəsmən elanı oldu. Xalqımızın yaşadığı bu günlər modern tariximizdə bir ilkdir: hələ sovet dövründən başlanan erməni işğalı nəticəsində o vaxt mövcud olan Azərbaycan SSR-in, sonra isə 1991-ci ildə müstəqilliyini elan etmiş ölkəmizin bütün əraziləri üzərində təmin edilmiş suverenliyi olmayıb. Ötən ilin sentyabrında həyata keçirilmiş effektiv və nümunəvi antiterror tədbirləri nəticəsində dövlət bütün ərazisi boyu suverenliyini bərqərar edib və bununla da yeni inkişaf mərhələsi – işğal amilinin aradan qaldırılması ilə digər həlli vacib problemlərin çözümünün önü açılıb.
Son nida
Məhz bu səbəbdən Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, 2023-cü ilin sentyabrını Azərbaycanda yeni mərhələnin başlanğıcı hesab etmək lazımdır:
“Sentyabra qədər getdiyimiz yol məqsədyönlü yol idi, məqsədə hesablanmış yol idi, düzgün yol idi. İstər siyasi müstəvidə, istər hərbi müstəvidə, istər ölkəmizdə gedən proseslər nöqteyi-nəzərindən bu hadisə bütün işlərimizin, elə bil ki, son nidası idi. Bu gün biz 2024-cü ilə suverenliyini tam bərpa etmiş ölkə kimi, xalq kimi başlayırıq. Hesab edirəm ki, müasir tariximizin yeni dövrü məhz sentyabrın 20-dən sonra başlayır”.
Yeni inkişaf mərhələsini xarakterizə edən bir sıra amillər mövcuddur:
– İşğalın aradan qaldırılması, sərhədlərə nəzarətin və bütün ərazimiz üzərində suverenliyin bərpası;
– 30 ildən çox məcburi köçkün statusu ilə yaşayan vətəndaşlarımızın doğma torpaqlara qayıdışını təşkil etmək üçün şəhər və kəndlərin bərpası, müvafiq infrastrukturun yenidən qurulması prosesinə start verilməsi;
– Milli iqtisadiyyatın son bir neçə ildə rekord göstəricilər nümayiş etdirməsi, dövlət büdcəsinin ildən-ilə böyüməsi;
– Azərbaycanın lokal və regional iqtisadi gücdən qitənin qlobal iqtisadi vahidinə çevrilməsi;
– Dövlət başçısının ötən dövrü əhatə edən fəaliyyətinin yekunlarını xalqla bölüşməsi, növbəti prezident seçkisinin 2025-ci ildə keçirilməli olduğu halda məhz hesabat vermək üçün seçki gününün önə çəkilməsi.
Yekun sülh
Əlbəttə, müharibə bitdikdən sonra Ermənistanla dayanıqlı sülhün əldə edilməsi xarici siyasətimizin prioritet hədəflərindən biridir. Ancaq burada öncəki illərlə müqayisədə ciddi fərq var: əraziləri işğal altında olan Azərbaycan 30 il ərzində bu tarixi ədalətsizliyin aradan qalxmasını gözləyib. Bu müddət ərzində sülh danışıqları sülh prosesinin sadəcə imitasiyası olub. Həmin illərdə bizə sülh çox vacib idi – şəhər və kəndlərimizi geri almaq, əhalimizi yaşayış yerlərinə qaytarmaq üçün. Ermənistan və onu dəstəkləyən qüvvələr bu tarixi şansdan yararlana bilmədilər:
“Əfsuslar olsun ki, beynəlxalq aləmin əsas oyunçuları bizim bu fikrimizə şərik olmadılar. Əksinə, bizi ittiham etməyə çalışdılar, bizə qarşı müxtəlif təzyiq mexanizmlərini işə salmağa çalışdılar. Yəni biz bu ədaləti, eyni zamanda, beynəlxalq müstəvidə siyasi və diplomatik savaş apararaq əldə etmişik. Ona görə bizim Zəfərimizin əhəmiyyəti daha önəmlidir”.
İndi Azərbaycan bu vəzifəni öz gücü ilə gerçəkliyə çevirdi: ərazilərini qaytardı, sərhədlərini bərpa etdi, əhalisinin geri qayıdışı üçün ümummilli səviyyədə quruculuq işləri həyata keçirir və ən əsası, bunu öz gücü ilə edir, heç kimdən asılı olmayaraq. Ermənistan isə həm işğal etdiyi ərazilərdən olub, həm də 30 il ərzində yaşadığı problemləri, əsasən də iqtisadi çətinliklərini həll edə bilməyib. Azərbaycanla sülh olmadan həll edə də bilməyəcək:
“Ermənistan yenə dalan olaraq qalacaq. Onlar indi, necə deyərlər, bundan duyuq düşərək əl-ayağa düşdülər ki, biz kənarda qaldıq…”
Sülh ayrı, sərhədlər ayrı
Dövlət başçısı müsahibəsində Ermənistanla sülh müqaviləsi kontekstində yeni dövrün reallıqlarını əks etdirən daha bir tezis səsləndirdi: Ermənistanla sülh müqaviləsi və sərhədlərin müəyyənləşdirilməsi ayrı-ayrılıqda baxılacaq və çözüləcək məsələlərdir. Əgər sülh müqaviləsi qısa zaman kəsiyində reallaşacaq məqsəddirsə və bu istiqamətdə işlərin böyük hissəsi görülübsə, sərhədlərin demarkasiya və delimitasiyası kifayət qədər vaxt apara biləcək problemdir.
Ermənistan və onun havadarları bu prosesi ləngitmək istəsələr də, bunun üçün Qarabağın bir hissəsində separatçı fəaliyyətini davam edən xuntaya hər cür dəstək versələr də, təbii ki, istəklərinə nail ola bilmədilər.
Prezident İlham Əliyevdən sitat:
“Bir müddət danışıqların aparılması o qədər də böyük ümidlər doğurmurdu. Çünki Ermənistan və onun arxasında dayanan bəzi ölkələr mütləq Qarabağla bağlı mövzunu oraya salmaq istəmişdilər, xüsusilə status məsələsini… Biz isə deyirdik ki, əgər belə olsa, onda vaxtilə Ermənistandan qovulmuş azərbaycanlıların da hüquqları və təhlükəsizliyi eyni ifadələrlə orada təsbit edilməlidir. Hər şey qarşılıqlı olmalıdır və burada onların arqumentasiyası da, çox məntiqsiz idi ki, onlar 30 il bundan əvvəl qovulmuşdu, amma bunlar buradadır. Yəni ki, onlar, bərabər hüquqa malik deyillər. Halbuki bu, faktiki olaraq rasist bir yanaşma idi. Yəni bizim mövqeyimiz dəyişməz olaraq qalırdı, ya bu məsələ sülh müqaviləsində əks olunmur, ya da ki, hər iki nümayəndənin hüquqları və təhlükəsizliyi əks olunacaq”.
Sərhədlərin müəyyən edilməsi isə uzun bir proses olduğundan onun sülh müqaviləsinə bağlanılması yekun sazişin əldə edilməsi prosesini uzada bilər:
“Prinsipcə, sülh müqaviləsində delimitasiya və demarkasiya ilə bağlı hər hansı bənd ola bilər. Ancaq əgər biz delimitasiyanı gözləyib sülh müqaviləsini təxirə salsaq, onda sülh müqaviləsi heç 30 ildən sonra da imzalanmaya bilər… Biz hesab edirik ki, sülh müqaviləsi imzalanmalıdır, nə qədər tez olsa, o qədər yaxşıdır. Bizim şərtlərimiz ən ədalətli şərtlərdir. Delimitasiya prosesi isə davam etməlidir. Kəndlər bizə qaytarılmalıdır. Anklavlarla bağlı komissiyanın işi nəticəsində də razılığa gəlmək olar”.
Zəngəzur dəhlizi olmadan sərhədlər açılmayacaq
Azərbaycanın qarşısında duran yeni inkişaf dövrünün mühüm çağırışlarından biri də kiçik vətənimiz olan Naxçıvanın blokadasına son qoyulmasıdır. Naxçıvanı ana vətənlə ayıran hazırkı Ermənistan ərazisi tarixi Azərbaycan torpağıdır. Bu torpaqlarda tarixən azərbaycanlılar yaşayıb. Hətta bu ərazilər keçmiş Ermənistan SSR-ə verilən zaman belə Zəngəzur mühüm nəqliyyat, gediş-gəliş qovşağı olub. Bu baxımdan, Azərbaycanın qərb rayonlarından Naxçıvana logistik dəhlizin açılması bizim legitim və təbii tələbimizdir. Üstəlik, Ermənistan bunu üzərinə öhdəlik olaraq götürüb.
Rəsmi İrəvan bu vəzifənin icrasından üç ildir boyun qaçırır. Əvvəl bunu xarici havadarlarının “prinsiplər”i və kaprizləri hesabına etməyə çalışırdısa, sonra səmərəsizliyini görüb öz “təşəbbüs”ləri olan “Sülh yol ayrıcı” ilə etdi. Ancaq zaman göstərir ki, Ermənistanın təşəbbüsü sadəcə təbliğatdan başqa bir şey deyil. Azərbaycan Prezidentinin bu məsələ ilə bağlı mövqeyi qəti və əsaslandırılmışdır:
“Zəngilanla Ordubad arasındakı ərazidə bizə maneəsiz keçid verməlidirlər. Bu onların öhdəliyidir. Mən artıq demişəm, bir daha demək istəyirəm, Azərbaycandan Azərbaycana gedən yüklər, vətəndaşlar və avtonəqliyyat vasitələri heç bir yoxlamadan keçmədən, gömrük inzibatçılığına cəlb edilmədən sərbəst keçməlidirlər. O ki qaldı digər ölkələrin yüklərinə, əgər, məsələn, Orta Asiyadan Türkiyəyə bir yük Ermənistan ərazisindən göndərilirsə və hətta Azərbaycandan Türkiyəyə hansısa bir yük göndərilirsə, təbii ki, bütün gömrük rüsumları da ödənilməlidir. Yəni bu, çox ədalətli mövqedir”.
Yeri gəlmişkən, dövlət başçısı Zəngəzur dəhlizi ilə bağlı indiyədək səsləndirmədiyi daha bir fikrini bəyan etdi. Bu bəyanatı Ermənistana ünvanlanmış sərt xəbərdarlıq kimi də qiymətləndirmək olar:
“…Dediyim marşrut açılmasa, biz Ermənistanla heç bir başqa yerdə sərhədimizi açmaq fikrində deyilik. Yəni beləliklə, onlar bundan daha çox ziyan görəcəklər, nəinki xeyir”.
Böyük qayıdış
Azərbaycan xalqının qarşısında duran Qarabağ probleminin həllinə tək ərazi bütövlüyü və suverenliyin təmin edilməsi bucağından baxmaq yanlış olardı. Ərazilərimizə Ermənistan tərəfindən qəsdin iki bir-birindən ayrılmaz komponenti var: işğala son qoyulması və ondan törəyən fəsadların aradan qaldırılması. Bu baxımdan, məcburi köçkün soydaşlarımızın dədə-baba yurdlarına qayıdışının təmin edilməsinə də eyni müstəvidə baxmaq mütləqdir. Ancaq əgər birinci problem artıq həll edilmiş sayılırsa, ikinci vəzifə Azərbaycanın tarixi inkişafının yeni mərhələsinin hədəfidir. Prezident müsahibəsi ərzində bu prosesin konturlarını müəyyən etməklə yanaşı, ilk dəfə olaraq dövlətin vəzifələri ilə bərabər özəl sektorun üzərinə düşən məsuliyyətin, missiyanın çərçivələrini müəyyən etdi. Prezident bu məsələyə iki kontekstdən yanaşır:
1. Dövlətin vəzifələri
– Bu il Qarabağda, Şərqi Zəngəzurda infrastruktur layihələrinin hamısı davam etdiriləcək;
– Bütün böyük infrastruktur layihələri ilə yanaşı, əsas nailiyyətimiz odur ki, beş yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıtmışlar;
– İnvestisiya Proqramı bizim bərpa üçün əsas alətimizdir.
2. Özəl sektorun məsuliyyəti
– Özəl sektora da mənim tövsiyəm budur ki, bundan istifadə etsinlər. Çünki vaxt gələcək, dediyim o Qarabağı və Zəngəzuru cənnətə çevirəcəyik, bu, reallığa çevriləcək;
– Biznesin sosial məsuliyyəti, hesab edirəm ki, bu olmalıdır. Getsinlər, müəssisələr qursunlar, evlər tiksinlər, zavodlar, fabriklər inşa etsinlər, dövlət isə öz üzərinə düşən bütün işləri görəcək – infrastruktur, xəstəxanalar, məktəblər, su anbarları, qazlaşdırma, içməli su, elektrik enerjisi, evlər, yollar, körpülər;
– Hesab edirəm ki, Qarabağda və Şərqi Zəngəzurda ancaq o bölgədən çıxmış insanlar yaşamamalıdır. Azərbaycanın istənilən yerindən insanlar orada yaşamaq üçün imkanlara malik olmalıdır… Ona görə bizim özəl sektorumuz Bakıda, Sumqayıtda hər bir tində ev tikməkdənsə, getsinlər orada evlər tiksinlər və görərlər ki, o, iqtisadi cəhətdən də səmərəli olar və eyni zamanda, biznesin sosial məsuliyyəti nöqteyi-nəzərindən də önəmli olar.
Beləliklə, modern Azərbaycanın tarixində yeni mərhələyə start verilir: Qarabağ və Şərqi Zəngəzura qayıdış. Bu proses postmüharibə mərhələsinin başlıca trendi olacaq. Dövlət-xalq tandemi döyüş meydanı və diplomatiya müstəvisində qazandığı Zəfəri bu tarixi mərhələdə də əldə etmək əzmindədir. Bunun üçün tələb olunan potensial yetərincədir: ümummilli həmrəylik, iqtisadi qüdrət, siyasi iradə.
(055) 436-46-45