Bakıya qar yağacaq – YENİLƏNİB + FOTO

Dostuna göndər xəbərdən agah olsun:

Bakıda və Abşeron yarımadasında yanvarın 13-ü axşamdan 15-dək bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir.

Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

Onun sözlərinə görə, dünyada son illərin meteoroloji tədqiqatları göstərir ki, son onilliklərdə qış fəslində soyuq günlərin sayı azalır, isti günlərin sayı isə artır:

 

“Ölkəmizdə şaxtalı, qarlı günlərin sayının azalması, qışın daha mülayim keçməsi müşahidə olunur. Çoxillik meteoroloji müşahidələrə görə son 10 ildə yanvar ayında havanın orta aylıq temperaturu iqlim normasından 0.1-2.1 dərəcə yüksək olub. Lakin bəzi illərdə bununla yanaşı, anomal soyuq proseslər də müşahidə olunur. Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra ölkəmizdə qış fəslinə xarakterik, qarlı hava şəraitinin müşahidə olunacağı gözlənilir. Belə ki, yanvarın 10-u şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin dəyişəcəyi, güclü şimal-qərb küləyinin əsəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir”.

Xidmət rəisi bildirib ki, yağıntılı hava şəraiti yanvarın 12-si səhərədək fasilələrlə davam edəcək:

“Yanvarın 12-si axşam əsasən şimal və qərb rayonlarında, 13-ü axşamdan isə əksər rayonlarda havanın yenidən yağıntılı olacağı və 15-dək davam edəcəyi, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə, xüsusilə Naxçıvan, Qarabağ və Şərqi-Zəngəzur, Qazax-Gəncə, Dağlıq Şirvan, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi Aran, Lənkəran-Astara bölgələrində yağıntıların intensiv olacağı ehtimalı var. Yanvarın 14-15-də gecə və səhər saatlarında dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var. Bakıda və Abşeron yarımadasında yanvarın 10-da axşam hava şəraitinin yağıntılı olacağı, bəzi şəhərətrafı ərazilərdə sulu qara keçəcəyi, 13-ü axşamdan 15-dək isə bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir”.

Nazim Mahmudov vurğulayıb ki, yanvar ayının 10-da günün birinci yarısında Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi, maksimal sürətinin 18-23 m/s, gecə və səhər bəzi yerlərdə arabir 30-33 m/s-dək güclənəcəyi gözlənilir:

“Əhalini bir daha küləkli günlərdə ehtiyatlı olmağa çağırırıq”.

14:53

Bakıda və Abşeron yarımadasında bir neçə gün davam edən mülayim hava şəraitindən sonra yanvarın 10-da hava şəraitinin dəyişəcəyi, qısamüddətli güclü şimal-qərb küləyinin əsəcəyi, küləyin maksimal sürətinin 18-23 m/s, arabir 25-28 m/s, gecə yarımadanın bəzi yerlərində arabir 30-33 m/s-dək güclənəcəyi gözlənilir. Gündüz tədricən zəifləyəcək.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, əsasən axşam saatlarında arabir yağıntılı olacağı, bəzi şəhərətrafı ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enərək, gecə və gündüz saatlarında 5 dərəcəyədək isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında yanvarın 10-u dağlıq ərazilərdən başlayaraq hava şəraitinin dəyişəcəyi, qeyri-sabit keçəcəyi, yanvarın 12-dək arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntıların (Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar) intensiv olacağı ehtimalı var.

Qərb küləyi 15-20 m/s, əsasən dağlıq və dağətəyi rayonlarda arabir 25-30 m/s-dək güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə 5-10 dərəcə aşağı enərək, aran rayonlarında gecə 0-5 dərəcə isti, gündüz 6-11 dərəcə isti, dağlıq rayonlarda gecə 6-11 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.

Yanvarın 11-də gecə bəzi dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45