Külli miqdarda dələduzluqda ittiham olunan universitet müəllimi və dostu barədə qərar qəbul edildi
Məhkəmə 500 min manatdan çox dələduzluqda ittiham olunan universitet müəllimi Əli İbrahimov və dostu Rübail Hüseynov barədə qərar qəbul edib.
Bu barədə “Report”a Rübail Hüseynovun vəkili Namiq Həsənov məlumat verib.
Cinayət İşinə Gəncə Apellyasiya Məhkəməsində hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən məhkəmə iclasında baxılıb.
R.Hüseynova Gəncə Ağır Cinayətlər Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 11 il müddətinə azadlıqdan məhrumetmə cəzası qismən toplanılıb və o, 12 il müddətinə azadlıqdan məhrum edilib.
Ə.İbrahimova Gəncə Apellyasiya Məhkəməsinin yeddi iyul 2022-ci il tarixli qərarı ilə təyin olunmuş üç il səkkiz ay müddətinə azadlıqdan məhrum etmə cəzası dəyişdirilmədən saxlanılıb.
İttiham aktına əsasən, onlar yeddi nəfərin etibarından sui-istifadə edərək 500 min manatdan çox pulu dələduzluq yolu ilə ələ keçiriblər. Belə ki, onlar 2018-2019-cu il ərzində iribuynuzlu mal-qara alıb-sataraq şərikli iş görmək və yüksək qazanc əldə etmək məqsədi ilə vətəndaşlara yalan vədlər verməklə dələduzluq ediblər.
Qeyd edək ki, Ə.İbrahimov Azərbaycan Dövlət Aqrar Universitetinin müəllimi olub.
Onlara qarşı Cinayət Məcəlləsinin 178.4 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
(055) 436-46-45