Nəqliyyat vasitələrinin utilizasiya prosesinə və qiymətinə kim nəzarət edəcək? – AÇIQLAMA + FOTO

Dostuna göndər xəbərdən agah olsun:

Bir neçə gün öncə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun imzaladığı müvafiq qərar sürücülər arasında bir sıra müzakirələrə səbəb olub. Belə ki, qərara əsasən, “Nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə Dövlət Yol Polisinin nəzarəti qaydaları barədə Təlimat”da dəyişiklik edilib. Dəyişikliyə əsasən, avtomobillər texniki baxışdan keçirilərkən sürücülərdən dövlət rüsumu ilə yanaşı, “Tullantılar haqqında” qanuna uyğun olaraq müəyyən edilən utilizasiya haqqının da sənədi olmalıdır və texniki baxışa görə rüsumla yanaşı utilizasiya haqqı da ödənilməlidir.

Gələn il fevralın 1-dən qüvvəyə minəcək qərara görə, sürücülərin nəqliyyat vasitələrini texniki baxışdan keçirdikləri zaman ödəyəcəkləri dövlət rüsumu artırılacaq? Nəqliyyat vasitələrinin çeşidlənməsini Dövlət Yol Polisi İdarəsi həyata keçirəcək? Ümumiyyətlə, utilizasiya məbləği nə qədər olacaq?

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis polkovnik-leytenantı Mübariz Ağayev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, ölkəmizdə qeydə alınan yol-nəqliyyat hadisələrinin ağırlıq dərəcəsinin artmasına əhəmiyyətli dərəcədə təsir göstərən amillərdən biri də qəzada iştirak edən nəqliyyat vasitələrinin köhnəlmiş, texniki-təhlükəsizlik baxımından yararsız olmasıdır:

“Hazırda ölkəmizdə icra olunan yol hərəkəti təhlükəsizliyinə dair Dövlət Proqramına əsasən, yol hərəkətinin təhlükəsizlik səviyyəsinin yüksəldilməsi, eləcə də ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə köhnəlmiş, texniki-təhlükəsizlik baxımından və ekoloji cəhətdən yararsız nəqliyyat vasitələrinin dövriyyədən çıxarılmasını təmin etmək üçün nəqliyyat vasitələrinin utilizasiyası proqramı hazırlanıb və tətbiqi istiqamətində əməli işlər görülüb.

İlk növbədə qanunvericilik aktlarında, o cümlədən “İstehsalat və məişət tullantıları haqqında”, “Yol hərəkəti haqqında” qanunlarda, eləcə də İnzibati Xətalar və Gömrük məcəllələrində dəyişiklik edilib.

Utilizasiya proqramına əsasən, avtomobillərin utilizasiyası müqabilində güzəşt və birdəfəlik ödəniş nəqliyyat vasitələrinin utilizasiyası fondu hesabına həyata keçiriləcək. Bu məqsədlə,  ölkə ərazisinə gətirilən və istehsal-buraxılış vaxtından 4 il keçən minik avtomobillərinin gömrük rəsmiləşdirilməsi, həmçinin nəqliyyat vasitələrinin dövlət texniki baxışından keçirilməsi zamanı bu fonda utilizasiya haqqı ödəniləcək”.

Ümumiyyətlə, utilizasiya məbləği nə qədər olacaq?

M.Ağayev əlavə edib ki, utilizasiya haqqının məbləği və ödənilmə dövriliyi Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək.

Nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev isə deyir ki, utilizasiya proqramı ideya olaraq yaxşıdır, lakin icrasında problemlər var:

“Proqramın ilk hədəflərindən biri avtomobil parkının yenilənməsi, yerli istehsalın stimullaşdırılmasıdır. Son illər Avropada ekoloji cəhətdən təmiz nəqliyyat növlərinin təşviqi trendi var. Azərbaycan da buna qoşulub. Bizdə elektromobillər üç il, Azərbaycanda istehsal olunan avtomobillər 10 il müddətinə ƏDV-dən azad edilib. Bu addım stimullaşdırıcı sayıla bilər. Sadəcə, “bu istehsal yerli bazardakı tələbatı qarşılaya biləcəkmi?” kimi sualların cavabı məlum deyil”.

Ekspertin sözlərinə görə, köhnə avtomobillərin tullantı baxımından həm ekologiyaya, həm də gündəlik həyatımıza mənfi təsiri var:

“Ekologiyanın avtomobil bazarı ilə bağlı zərərli tullantılardan təmizlənməsi işində ən böyük yük ictimai nəqliyyatın üzərinə düşməlidir. Ümumiyyətlə, avtomobilləşmənin fəsadları çoxdur. Köhnə avtomobildən axan yağlar baha başa gələn yol infrastrukturunun vaxtından tez sıradan çıxmasına səbəb olur. Müxtəlif çeşidli ictimai nəqliyyat növlərinin ölkəyə gətirilməsinə ehtiyac var. 2015-ci ildən etibarən Azərbaycana sıxılmış qazla işləyən avtobuslar, elektrobuslar gətirilir. Dəmir yoluna yatırılan investisiya ilə ekoloji cəhətdən təmiz qatarlar gətirilib. Keyfiyyətli ictimai nəqliyyata çıxış avtomobildən asılılığı azalda bilər. Həmçinin mikromobillik vasitələri, 1-3 km-lik hərəkət üçün velosiped zolaqlarının təşkili, velosipedlərin və skuterlərlə hərəkətin təmini də ekoloji cəhətdən təmiz mobillik növlərindən biridir”.

Bu prosesə hansı qurum nəzarət edəcək? Texniki baxış zamanı qeyd edilən sənədlərdən biri olmazsa, hansı tədbir görüləcək?

“Əslində bu prosesə birmənalı hansı qurumun nəzarət edəcəyi, meyarların hansı qurumların birgə rəyləri əsasında müəyyənləşəcəyi məlum deyil. Bu proses məcburi deyil, könüllüdür. Nəqliyyat vasitələrinin sahiblərinə bu mövzu nə qədər maraqlı olacaq, onu düşünmək lazımdır. İkinci məsələ ölkədə nəqliyyat sektorunda yerli istehsalat nə vəziyyətdədir? Tələbatı qarşılaya biləcəklərmi? Bu məsələdə bu gün üçün cavabdan çox sual var. Bu sistemin tətbiqinin tək aydın cavabı ölkəyə köhnə avtomobillərin gətirilməsinin qarşısının alınmasıdır. Əgər 2024-cü ildən sonra ölkəyə köhnə avtomobillərin gətirilməsinə dair dövlət rüsumu artırılsa, yeni axının qarşısı alınacaq. Amma bazarda istifadədə olan köhnə avtomobillər qalmaqdadır. Texniki baxışda nəqliyyat vasitəsində aşkarlanan problemlər olanda, müddət verilirdi ki, o problemlər aradan qaldırılsın. Bu sistem özü necə işləyirdi – bu, məsələnin ikinci tərəfidir. Amma vəziyyət belədir ki, bu sənədlərin hər hansı birinin olmaması zamanı hər hansı müddət veriləcək, yoxsa yox, o da bəlli deyil”, – deyə R.Ağamirzəyev sonda qeyd edib.

Könül Cəfərli

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45