Ədliyyə orqanlarına imtahan keçirildi
Ədliyyə orqanlarında insan resurslarının idarə edilməsi istiqamətində görülən tədbirlər çərçivəsində vakant olan vəzifələrin hazırlıqlı hüquqşünaslarla komplektləşdirilməsi məqsədilə dekabrın 20-də Dövlət İmtahan Mərkəzi ilə birlikdə növbəti test imtahanı keçirilib.
Test imtahanında iştirak üçün elektron qaydada qeydiyyatdan keçmiş namizədlərin yarıdan çoxu bölgələrin təmsilçiləri, təxminən yarısı əmək fəaliyyətinə ədliyyə orqanlarında başlamaq arzusunda olanlar, həmçinin qadınlardır.
116 hüquqşünasın iştirak etdiyi və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri tərəfindən izlənilən imtahanın nəticələrinə dair namizədlərə yerindəcə arayış təqdim olunub, tədbirin gedişi nazirliyin internet səhifəsi (www.justice.gov.az) vasitəsilə “online” rejimində birbaşa canlı yayımlanıb.
İmtahanın yekununa görə 65 nəfər müvəffəqiyyət qazanıb, onların siyahısı nazirliyin və DİM-in (www.dim.gov.az) internet səhifələrində yerləşdirilib.
Xatırladırıq ki, uğur qazanmış namizədlər müsabiqənin söhbət mərhələsində iştirak etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş sənədlərini 15 gün ərzində, saat 9-dan 18-dək Ədliyyə Nazirliyinin İnsan resursları baş idarəsinə (Bakı şəhəri, İnşaatçılar prospekti 1) təqdim etməlidirlər. Kadr sənədlərinin siyahısını və müvafiq nümunələri nazirliyin internet səhifəsindən əldə etmək mümkündür.
Təqdim etdiyi sənədlərə görə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunla müəyyən edilmiş tələblərə cavab verən namizədlər müsabiqənin ikinci mərhələsinə buraxılacaq və onlarla fərdi qaydada söhbət aparılacaqdır. Söhbətin keçirilmə vaxtı və yeri barədə namizədlərə əvvəlcədən bildiriləcək.
Bildirilir ki, ədliyyə orqanlarına qulluğa qəbulla bağlı yeni müsabiqə barədə əlavə elan veriləcək.
Aidiyyəti digər informasiyanı nazirliyin internet səhifəsində “Qulluğa qəbul” bölməsindən və (012) 538-01-62, (012) 538-08-85 nömrəli telefonlar vasitəsilə almaq olar.
(055) 436-46-45