Lerikdə dağlıq-meşəlik ərazidəki yanğın söndürülüb – YENİLƏNİB-2
Lerik rayonunun Lerik meşəbəyliyinin yüksək dağlıq ərazisində yanğın hadisəsi baş verib.
Meşələrin İnkişafı Xidmətinin rəisi Cabbar Qəribov “Report”a bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumları, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və kənd sakinləri hadisə ilə əlaqədar əraziyə cəlb edilib.
“Yanğının söndürülməsi üçün mümkün olan bütün vasitələrdən, o cümlədən əl əməyindən istifadə olunub. Yanğın lokallaşdırılıb və digər ərazilərə yayılmasının qarşısı alınıb”, – xidmət rəisi deyib.
Lerikdə dağlıq-meşəlik ərazidəki yanğın söndürülüb.
Bu barədə “Report”a FHN-dən bildirilib.
Xəbər verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Lerik rayonu, Xanagah kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidməti Lerik Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Havanın küləkli olmasına və relyefin mürəkkəbliyinə baxmayaraq, yanğınsöndürənlər tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində, təqribən, 1,5 hektar sahədə kol-kos, xəzəl və qurumuş ağac kötükləri yanıb.
Meşə zolağı yanğından mühafizə olunub.
Qeyd edək ki, yanğınla mübarizə tədbirlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və bir qrup kənd sakini də iştirak edib.
Lerikdə dağlıq-meşəlik ərazidə yanğın başlayıb.
Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
“112” qaynar telefon xəttinə Lerik rayonu, Xanagah kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Əlavə məlumat veriləcək.
(055) 436-46-45