Prezident İlham Əliyev Körfəz Əməkdaşlıq Şurasının baş katibini qəbul edib – YENİLƏNİB + FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də Körfəz Əməkdaşlıq Şurasının Baş katibi Casim Məhəmməd əl-Budeyvini qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Körfəz Əməkdaşlıq Şurasının SPECA-nın Zirvə görüşündə iştirakını yüksək qiymətləndirib, Azərbaycanın təşkilata üzv dövlətlərlə çox yaxın tərəfdaşlıq münasibətlərinin olduğunu vurğulayıb. Prezident İlham Əliyev Körfəz Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçıları ilə şəxsi dostluq əlaqələrinin olduğunu, bu ölkələrlə müxtəlif sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyini bildirib, investisiyalar, bərpa olunan enerji, turizm və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük perspektivlərin mövcudluğunu qeyd edib. Azərbaycan Prezidenti respublikamızda və Mərkəzi Asiya ölkələrində siyasi sabitliyin tam təmin olunduğunu, ölkələrimizin siyasi, iqtisadi, demoqrafik amillər baxımından sürətlə inkişaf etdiyini vurğulayıb.
Dövlətimizin başçısı ölkəmizin Mərkəzi Asiya regionu ilə inteqrasiyası prosesinin dinamik getdiyini, Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin vahid geosiyasi, iqtisadi və siyasi məkan, Xəzər dənizinin bizi birləşdirən dəyər olduğunu diqqətə çatdırıb. Prezident İlham Əliyev gələcəkdə Azərbaycan, Mərkəzi Asiya və Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələr arasında əməkdaşlıq üçün böyük perspektivlərin mövcudluğunu bildirib. Dövlətimizin başçısı, həmçinin, Mərkəzi Asiya ölkələrinin və Azərbaycanın SPECA ilə yanaşı, Türk Dövlətləri Təşkilatı çərçivəsində bir araya gəldiklərini, Türk Dövlətləri Təşkilatı və Körfəz Əməkdaşlıq Şurası arasında da təsisatlanmış əməkdaşlığın qurulmasının vacibliyini qeyd edib.
Baş katib SPECA-nın Zirvə görüşünün Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırıb. Qonaq Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrin Azərbaycan və Mərkəzi Asiya ölkələri ilə əlaqələrin hərtərəfli inkişafına böyük əhəmiyyət verdiyini qeyd edib, münasibətlərin müxtəlif sahələrdə inkişafını vurğulayıb, siyasi, iqtisadi, investisiyaların artırılması və digər istiqamətlərdə böyük perspektivlərin olduğunu deyib.
Görüşdə hazırda dünyada islamofobiya meyillərinin artması və ona qarşı mübarizənin aparılması məsələləri də müzakirə edilib.
09:35
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də Körfəz Əməkdaşlıq Şurasının Baş katibi Casim Məhəmməd əl-Budeyvini qəbul edib.
Bu barədə AZƏRTAC xəbər verir.
(055) 436-46-45