Tovuzda 25 yaşlı gənci qətlə yetirib, meyiti yandıran şəxs çoban olub – TƏFƏRRÜAT – YENİLƏNİB + FOTO
Tovuz rayonu Aşağı Öysüzlü kəndində törədilən qətlin bəzi təfərrüatı məlum olub.
“Report”un Qərb bürosunun məlumatına görə, dünən axşam saatlarında Tovuz rayonu Aşağı Öysüzlü kəndində, “Ağ dağ” deyilən ərazidə yerləşən fermaların birində qətlə yetirilən 1998-ci il təvəllüdlü Nicat Habil oğlu Məmmədov ferma sahibinin oğlu olub.
Hadisəni törətməkdə şübhəli bilinən 1998-ci il təvəllüdlü Eldar İbrahimov isə orada çobanlıqla məşğul olub.
Hadisənin Nicat Məmmədovun olduğu otaqda baş verdiyi bildirilib. Cinayəti törətməkdə şübhəli bilinən şəxs daha sonra fermanı yandırıb.
Qeyd edək ki, mərhumun atası qəssablıq və heyvandarlıqla məşğuldur.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
08:45
Tovuzda 25 yaşlı gənc qətlə yetirilərək meyiti yandırılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib.
Noyabrın 18-i gecə saatların rayonun Aşağı Öysüzlü kəndi ərazisində yerləşən fermaların birində yanğın hadisəsi olması ilə bağlı məlumat daxil olub.
Polis əməkdaşları digər qurumların əməkdaşları ilə birlikdə hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçiriblər. Yanğının qarşısı alınaraq söndürülən zaman hadisə yerindən bir nəfər şəxsin yanmış meyiti aşkarlanıb.
Polis və prokurorluq əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində meyitin Aşağı Öysüzlü kənd sakini, 1998-ci il təvəllüdlü Nicat Məmmədova məxsus olması müəyyən edilib.
Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində N.Məmmədovu şəxsi münasibətlər zəminində küt alətlə qətlə yetirərək daha sonra izləri itirmək məqsədilə fermanı yandırmaqda şübhəli bilinən rayon sakini, 1988-ci il təvəllüdlü Eldar İbrahimov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
(055) 436-46-45