Prezident İlham Əliyev əlcəzairli həmkarını təbrik edib

Dostuna göndər xəbərdən agah olsun:

Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna təbrik məktubu ünvanlayıb.

Bu barədə President.az xəbər verir.

Məktubda deyilir:

“Hörmətli cənab prezident, əziz qardaşım, 1 Noyabr – İnqilab Günü münasibətilə Sizə və Sizin simanızda qardaş Əlcəzair xalqına öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Amansız müstəmləkəçilik siyasətinə qarşı xalqınızın azadlıq mübarizəsinə başladığı bu əlamətdar gün Əlcəzairin qəhrəmanlıqlarla zəngin olan tarixinin ən şərəfli səhifələrindən biridir. Yüz ildən artıq dövr ərzində əsarətə və kütləvi zorakılığa məruz qalan, misli görünməmiş qəddarlıq, insanlıq əleyhinə cinayətlərlə üzləşən Əlcəzair xalqı müstəqilliyini bir milyon yarım şəhidin canı bahasına əldə etmiş və bununla da iradəsinin sarsılmazlığını, yenilməzliyini, mətinliyini və azadlıq əzmini bütün dünyaya nümayiş etdirib.

Otuzillik işğaldan əziyyət çəkmiş Azərbaycan xalqı Əlcəzair xalqının hisslərini yaxşı başa düşür. Şadam ki, bu gün ənənəvi dostluq və qardaşlıq telləri ilə bir-birinə bağlı olan ölkələrimiz arasında əlaqələr dinamik inkişaf edir. Eyni zamanda çoxtərəfli müstəvidə qarşılıqlı faydalı birgə fəaliyyətimiz məmnunluq doğurur.

Əminəm ki, qarşılıqlı etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimiz, səmərəli əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da birgə səylərimizlə uğurla inkişaf edəcək və genişlənəcəkdir.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, qardaş Əlcəzair xalqına daim əmin-amanlıq və rifah diləyirəm”.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45