Qubada istirahət mərkəzinin rəhbərliyi süni gölü hasara aldı – ŞİKAYƏT + VİDEO
Quba rayonunun İkinci Nügədi kəndi ərazisində yerləşən Çənlibel gölünün ətrafı hasarlanıb.
Bununla bağlı sosial şəbəkələrdə paylaşım edilib.
Ərazidən video paylaşan vətəndaş bildirib ki, bu süni gölün ətrafı 3 il əvvələ qədər açıq olub:
“Çox gözəl mənzərəsi olan yerdir. Düz meşənin içində yerləşir. Bura rahat gəlib piknik edirdik. İndi isə istirahət mərkəzinin təhlükəsizlik xidmətinin əməkdaşları buranı bağlayıblar. İnsanlara icazə verilmir ki, bura gəlib istirahət etsinlər. Əvvəllər belə deyildi. Hər kəs sərbəst şəkildə dincəlirdi. Mənə elə gəlir ki, bu, qanunsuzdur. Heç vaxt buna icazə verilə bilməz”.
Məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verən İkinci Nügədi kəndinin bələdiyyə sədri Alim Mütəllimov bildirib ki, Çənlibel gölünün ərazisi istirahət mərkəzinin rəhbərliyi tərəfindən icarəyə götürülüb:
“Düzdür, əvvəllər ora dövlət mülkiyyəti kimi qeydiyyata alınmışdı. Hazırda isə bu istirahət mərkəzi ərazini icarəyə alıb və bununla əlaqədar yanlarını hasarlayıb. Buna səbəb əraziyə kənar şəxslərin daxil olmaması və göldə batma hallarının qarşısının alınmasıdır. Çünki bir neçə il əvvəl yay aylarında buradan çimərlik adı ilə istifadə edən üç nəfər təhlükəsizlik qaydalarına riayət etmədiyi üçün batıb. Artıq təxminən 4-5 ildir ki, gölün ətrafı hasarlanıb”.
(055) 436-46-45