Sabiq icra başçısının məhkəmə istintaqı yenilənəcək
Oktyabrın 31-də Gəncə Şəhər Ağır Cinayətlər Məhkəməsində Şəmkir Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə növbəti iclas keçirilib.
“Report”un Qərb bürosunun məlumatına görə, prosesdə iş üzrə zərərçəkmiş qurum kimi tanınan Sahibkarlara Kömək Fondunun nümayəndəsi məhkəmə istintaqının yenilənməsi barədə vəsatət verib.
Hakimlər vəsatəti təmin ediblər.
Növbəti məhkəmə iclası dekabrın 5-nə təyin olunub.
Qeyd edək ki, ötən prosesdə prokuror Alimpaşa Məmmədovun 13 il azadlıqdan məhrum edilməsini istəmişdi.
Xatırladaq ki, A.Məmmədov ötən ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində həbs olunub. Onun barəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
(055) 436-46-45