Ağalı kəndinə köç edən ailələrə mənzillərin açarları təqdim edilib – YENİLƏNİB + FOTO

Dostuna göndər xəbərdən agah olsun:

Bu gün “Böyük Qayıdış” proqramı çərçivəsində Zəngilan rayonunun Ağalı kəndinə  95 nəfərdən ibarət 17 ailənin növbəti köçü baş tutub.

Bakıdan yola salınan keçmiş məcburi köçkünləri doğma ata-baba yurdlarında Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları qarşılayıb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələrinin də iştirakı ilə onlara mənzillərin açarı təqdim edilib və ailələr yeni evlərində yerləşiblər.

Bugünədək Zəngilan rayonunun Ağalı kəndinə ümumilikdə 150 ailə, 744 nəfər köçürülüb.

Köçürülən sakinlər müvafiq qurumlar tərəfindən peşə ixtisaslarına və bacarıqlarına uyğun şəkildə işlə təmin ediləcək, müxtəlif dövlət qurumlarında, ictimai iaşə obyektlərində, tikinti şirkətlərində, tikiş fabrikində və digər yerlərdə çalışacaqlar.

Köçürülmüş əhali üçün bütün infrastruktur şərait – dövlət xidmətləri mərkəzi, məktəb, bağça, bank, poçt, ictimai iaşə obyektləri və s. imkanlar mövcuddur.

Həmçinin, bu həftənin şənbə günü – 28 oktyabr tarixində də Ağalı kəndinə növbəti köç baş tutacaq. Bu dəfə isə 24 ailə öz doğma yurdlarına geri  qayıdacaq.

 

07:50

Abşeron rayonunun Masazır kəndindən Zəngilan rayonunun yenidən salınmış Ağalı kəndinə növbəti köç karvanı yola salınıb.

“Report” xəbər verir ki, Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda müvəqqəti məskunlaşmış 17 ailə – 95 nəfər bundan sonra doğma yurdda yaşamağa başlayacaqlar.

Onlar ermənilərin işğal dövründə tamamilə dağıtdıqları 1-ci, 2-ci və 3-cü Ağalı kəndlərinin sakinləridir.

Bununla da indiyədək Ağalı kəndində daimi məskunlaşan ailələrin sayı 150, yəni 744 nəfərə çatacaq. Kəndə köçürülmə davam etdiriləcək.

Ağalı sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə ediblər.

Evlərin bölgüsü məcburi köçkünlərə yeni yaşayış sahələrinin verilməsinin hazırda qüvvədə olan qaydaları-şəffaflıq və ədalətlilik prinsipləri əsasında püşkatma yolu ilə aparılıb. Püşkatma oktyabrın 20-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Repatriasiya Departamentində keçirilib.

Yolasalma mərasimində Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Zəngilan Rayon İcra Hakimiyyətinin nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45