“İlham Əliyev Azərbaycanı regionun aparıcı gücü və geosiyasi qüvvəsinə çevirib” – RƏY + FOTO
“Prezident İlham Əliyevin apardığı siyasət Azərbaycanı regionun aparıcı gücü və geosiyasi qüvvəsinə çevirib”.
Bunu “Report”a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov deyib.
O xatırladıb ki, Prezident İlham Əliyevin 20 il müddətində fəaliyyətinin nəticələri cəmiyyətin bütün sferalarını əhatə edir:
“Bununla yanaşı, bu fəaliyyətin xarici siyasətdə, xüsusilə, Azərbaycanın ərazi bütövlüyünün bərpasında və suverenliyinin tam təmin olunmasında verdiyi maksimum faydalar göz qabağındadır. Bütün bunların hərtərəfli araşdırılması, qiymət verilməsi çox vacibdir. İlham Əliyev Azərbaycanı həm bir dövlət, həm də cəmiyyət kimi bütün dünyaya yenidən tanıdıb. Son 20 ildə Avrasiyada ən böyük hadisələrdən biri İlham Əliyevin liderliyidir. Çünki İlham Əliyev prezident və lider kimi yeni nümunələr yarada bilib. Özünə inam, azərbaycanlıların dünyada nüfuzunun qalxması, dövlət müstəqilliyinin, cəmiyyətin demokratik istiqamətdə inkişafının bir daha təsdiqi, enerji strategiyasının durmadan gücləndirilməsi və bunun birbaşa dövlət maraqlarına xidmət etməsi məhz İlham Əliyevin adı ilə bağlıdır.
Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı, BMT və bu kimi bir çox beynəlxalq təşkilatlar çərçivəsindəki fəaliyyəti onun necə humanitar xarakterli addımlar atdığını bir daha göstərib. İlham Əliyev həmişə sülhə, barışa uyğun siyasət yeridib, hətta müharibənin ən qızğın dövründə belə bir dəfə də olsa müharibə paradiqmasına keçmədi, həmişə əməkdaşlıqdan, inkişafdan danışdı. Prezident İlham Əliyev postmüharibə dövründə də həm enerji siyasətində, həm kommunikasiyaların açılması istiqamətində atdığı addımlarla bunu sübut edib”.
F.Qurbanov vurğulayıb ki, İlham Əliyevin 20 il ərzində apardığı siyasət həm sistemliliyi, həm ardıcıllığı, həm də sülhpərvərliyi ilə seçilib:
“Müasir filosoflar və geosiyasətlə məşğul olan adamlar liderin ünsiyyətcilliyi, kommunikabelliyini daha çox önə çəkirlər. Ünsiyyət qura bilən lider qalib lider olur. Çünki dünya artıq bir xaos ərəfəsindədir və bu xaosu nizama salan dövlətlər yoxdur. Belə olan halda liderlərin üzərinə daha böyük məsuliyyət düşür. Kim daha çox ünsiyyətcil, xeyirxah, əməkdaşlığa, sülhə xidmət edən siyasət həyata keçirirsə, dünyanın müxtəlif dövlət başçıları ilə ünsiyyət qurub məqsədinə nail ola bilir. Prezident İlham Əliyev qısa müddətdə həm Rusiya lideri Vladimir Putinlə konstruktiv əməkdaşlığı qura bildi, həm qardaş Türkiyə Prezidenti Ərdoğanla münasibətləri sıxlaşdırdı. Bundan başqa, Gürcüstan və İranla da sülh və əməkdaşlıq yolunda mühüm addımlar atıldı. Bütün bunlar Azərbaycan üçün elə bir mühit yaradıb ki, hazırda Azərbaycan sözün həqiqi mənasında regionun aparıcı gücü və geosiyasi qüvvəsidir”.
(055) 436-46-45