Ekspert: “Ödənişli yolun olması turizm və yükdaşıma imkanlarını artıracaq” – FOTO

Dostuna göndər xəbərdən agah olsun:

“Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən başlayaraq tikilmiş yeni hissəsinin ödənişli olması bölgənin turizm və yükdaşıma imkanlarının artırılmasına əhəmiyyətli təkan verəcək”.

Bunu “Report”a açıqlamasında iqtisadçı-ekspert Amal Həsənli Tarif (Qiymət) Şurasının sözügedən yolla bağlı bu gün qəbul etdiyi qərara münasibət bildirərkən deyib.

“Bu gün dünyada ödənişli yollardan geniş istifadə olunur. Azərbaycanda həmin yol üçün müəyyən edilmiş tariflər region ölkələrinə nisbətən kifayət qədər optimaldır. Yolun ödənişli olması onun saxlanması ilə bağlı dövlət büdcəsinin xərclərini azaldacaq. Qənaət ediləcək vəsaiti isə digər mühüm infrastruktur layihələrinə yönəltmək mümkün olacaq. Yol boyu ətraf infrastrukturun yaradılması isə həm əhalinin məşğulluğunu artıracaq, həm də regionun turizm potensialının realizə edilməsinə imkan verəcək”, – deyə o qeyd edib.

“Azərbaycanda xüsusilə son 20 ildə yol infrastrukturunun inkişafı istiqamətində böyük işlər görülüb. Respublikamızda 21 min kilometrə yaxın avtomobil yolu, prospekt və küçə tikilib, yenidən qurulub və təmir olunub. O cümlədən, Bakı şəhərində 2 000 km-dən çox, kəndlərarası isə 5 100 km uzunluğunda avtomobil yolu tikilib, yenidən qurulub və təmir olunub. 2003-cü illə müqayisədə birinci texniki dərəcəli avtomobil yollarının uzunluğu 9 dəfə artaraq 1 025 kilometrə çatdırılıb. Bu gün bu işlər xüsusilə işğaldan azad edilmiş ərazilərdə daha intensiv formada aparılır. Yeni yollar çəkilir, körpülər və tunellər tikilir. Görülən işlər nəticə etibarı ilə ölkənin tranzit imkanlarını artırır və milli iqtisadiyyatın inkişafında təkanverici rol oynayır”, – deyə ekspert əlavə edib.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45