Mədəniyyət naziri türkmənistanlı həmkarı ilə görüşüb – FOTO

Dostuna göndər xəbərdən agah olsun:

Azərbaycanın mədəniyyət naziri türkmənistanlı həmkarı ilə görüşüb.

Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, oktyabrın 12-də Mədəniyyət Nazirliyində Türkmənistanın mədəniyyət naziri Atageldi Şamıradovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə ikitərəfli görüş keçirilib.

Qeyd edək ki, Türkmənistan nümayəndə heyəti 13-14 oktyabr tarixlərində “Türk dünyasının mədəniyyət paytaxtı” Şuşa şəhərində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş I Türk Dünyası Mədəniyyət Forumunda iştirak etmək məqsədilə ölkəmizə səfərə gəlib. Forum Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, TÜRKSOY və Beynəlxalq Türk Akademiyasının birgə təşkilatçılığı ilə gerçəkləşəcək.

Qonaqları səmimi salamlayan nazir Adil Kərimli Azərbaycan ilə Türkmənistan arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirib. Deyib ki, iki ölkənin rəhbərləri arasında səmimi dostluq münasibətləri qardaş respublikalarımızın əlaqələrini strateji tərəfdaşlı səviyyəsinə yüksəldib. Bu da öz növbəsində, digər sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də münasibətlərin inkişafına mühüm zəmin yaradıb. Eyni zamanda xalqlarımızı dərin milli köklər, qədim və zəngin mədəni yaxınlıq biri-birinə bağlayır. Mədəniyyət sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi üçün qarşılıqlı mədəniyyət günlərinin təşkili və bu istiqamətdə müxtəlif layihələrin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Türkmənistanın mədəniyyət naziri Atageldi Şamıradov səmimi qəbula, qonaqpərvərliyə, eləcə də Türk dünyasının birliyinə, mədəniyyətlərimizin qarşılıqlı tanınmasına, təbliğinə xidmət edən tədbirlərin yüksək səviyyədə təşkilinə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib.

Türkmən nazir mədəniyyət sahəsində əlaqələrin inkişafı üçün geniş imkanların olduğunu, gələn ilin aprel ayında Bakı və Gəncə şəhərlərində Türkmənistan mədəniyyəti günlərinin keçirilməsinin planlaşdırıldığını deyib. O, IV “Korkut Ata” Türk Dünyası Film Festivalının Türkmənistanın Anev şəhərində keçirilməsi qərarının böyük məmnunluq doğurduğunu da vurğulayıb.

Nazir Adil Kərimli sabah Şuşada işə başlayacaq I Türk Dünyası Mədəniyyət Forumunun xalqlarımızın qədim tarixi-mədəni irsinin qarşılıqlı təbliği və gələcək nəsillərə ötürülməsi baxımından əhəmiyyətini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45