Xankəndi və Kərkicahan sakinləri doğma yurdlarını ziyarət etmək istəyirlər – FOTO

Dostuna göndər xəbərdən agah olsun:

Xankəndi və Kərkicahan sakinləri doğma yurdlarını ziyarət etmək istəyirlər.

Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (“Qaçqınkom”) məlumat yayıb.

Bildirilib ki, komitənin sədri Rövşən Rzayev Xankəndidən məcburi köçkün düşmüş vətəndaşların bir qrupu ilə görüşüb.

Torpaqların işğaldan azad edilməsinin, ölkəmizin ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunmasının xalqımızda böyük qürur hissi doğurduğu qeyd olunub. Xankəndidən olan məcburi köçkünlər doğma yurda qayıtmaq imkanının yaranmasından hədsiz sevinc hissi keçirdiklərini və buna görə Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdar olduqlarını bildiriblər. Xankəndi şəhərinin inzibati ərazisinə daxil olan Kərkicahan qəsəbəsinin azərbaycanlı sakinlərinin erməni separatçılara və işğalçılara qarşı mübarizədə xüsusi fədakarlıqlar göstərdikləri xatırlanıb, şəhidlərin ruhuna ehtiram ifadə edilib.

Bir daha vurğulanıb ki, Prezident İlham Əliyev məcburi köçkünlərin sosial problemlərinin həllinə daim xüsusi diqqət yetirir, onların yaşayış şəraitinin yaxşılaşdırılması üçün zəruri tədbirlər görür. Bu sahədə Birinci vitse-prezident Mehriban Əliyevanın da mühüm xidmətləri var.

Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə, dövlət başçısının təsdiqlədiyi Dövlət Proqramı əsasında, genişmiqyaslı bərpa-quruculuq işlərinin aparıldığı, doğma yurd yerlərimizə Böyük Qayıdışın başlandığı məmnunluqla qeyd edilib. Bildirilib ki, Xankəndinin 31 il əvvəl ata-baba ocağını tərk etmək məcburiyyətində qalmış azərbaycanlı sakinləri də geri dönmək, öz ev-eşiklərinə sahib çıxmaq arzusundadırlar və bu arzunun tezliklə gerçəkləşəcəyinə əmindirlər. İndilikdə isə onlar, müvafiq dövlət orqanlarının icazəsi olduğu təqdirdə, Xankəndiyə, Kərkicahana baş çəkmək, doğma yurdu ziyarətə getmək üçün şərait yaradılmasını xahiş edirlər.

Görüş iştirakçılarının müraciətləri qeydə alınıb, sualları cavablandırılıb, onlara Böyük Qayıdış prosesi ilə bağlı ətraflı məlumat verilib.

 

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45