Bakıda 2 nəfərin qətlində təqsirləndirilən şəxslərin məhkəməsində şahidlər ifadə verib
Bakıda kütləvi dava zamanı 2 nəfərin qətlində təqsirləndirilən Rauf Hüseynov, Ceyhun İsayev və Ramin İsayevin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
“Report” xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Tərlan Abdulov ifadə verib.
O bildirib ki, hadisədə qətlə yetirilən Xəyal Rəhimovu və bu cinayəti törətməkdə təqsirləndirilən 3 nəfəri tanıyır: “Biz sonuncu dəfə kafedə yeyib-içirdik. Xəyal mənə orada dedi ki, təqsirləndirilən şəxslərdən biri ilə köhnədən – həbsxanada olan vaxtdan ədavəti var. Və o, bu ədavətin sonuna çıxmaq istəyir. Biz Xəyalı fikrindən daşındırmaq istədik”.
Məlum olub ki, şahidin ibtidai istintaqa verdiyi ifadəsi ilə məhkəmə ifadəsində ziddiyyət var. Belə ki, şahid istintaq dövründə bildirib ki, təqsirləndirilən şəxslərdən Ceyhun və Raufun narkotik vasitələrdən istifadə etdiyini bilirmiş.
Digər şahid Ramin Həsənov isə bildirib ki, hadisədə qətlə yetirilən xəyalla dost olub: “Emin adında dostumuz zəng edib dedi ki, Xəyal içkilidir, onu evə aparmaq lazımdır. Ardınca Xəyal mənə zəng edərək söylədi ki, söhbətimiz var, onu həll etmək lazımdır. Mən dəfələrlə Xəyalı fikrindən daşındırmaq istədim. Daha sonra maşınla təqsirləndirilən Raufun yaşadığı ünvana getdik. Hadisədə ilk dəfə tanıdıqlarım Orxan və mərhum İlkin də var idi. Xəyal maşından düşüb qabağa getdi və biz də onun dalınca düşdük. Sonra şüşə qırıntıları səsi eşitdik. Daha sonra hadisənin böyüdüyünü görüb aralaşdım. Dedim ki, gecə vaxtı söhbət etməyin mənası yoxdur. Ora gedəndə əlimizdə heç bir soyuq silah və ya dəyənək yox idi”.
Məlum olub ki, bu şahidin də ibtidai istintaqa verdiyi ifadəsi ilə məhkəmə ifadəsində ziddiyyət var. O, istintaq dindirilməsində bildirilib ki, dəyənək yalnız Xəyalın əlində olub: “Xəyal o dəyənəklə evin pəncərəsini qırdı və nalayiq ifadələr işlətdi. Xəyal əlindəki dəyənəklə Raufun anasının başına vurdu. Hadisə zamanı bir nəfərin bıçaqla vurulduğunu gördüm”.
Məhkəmənin növbəti iclası oktyabrın 25-nə təyin edilib.
İttiham aktına əsasən, hadisə bu il fevralın 11-i gecə saat 2 radələrində Bakı şəhərinin Nizami rayonu ərazisində qeydə alınıb. Kütləvi dava zamanı İlkin Rzayev və Xəyal Rəhimov qətlə yetirilib.
Daha sonra C.İsayev, R.Hüseynov və R.İsayev şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı R.Hüseynov və C.İsayevə qarşı Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.7-ci (qəsdən adam öldürmə, iki və daha artıq adamı öldürmə) və 221.3-cü (Xuliqanlıq) və R.İsayevə isə Cinayət Məcəlləsinin və 221.3-cü ( silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.
(055) 436-46-45