SORB-un növbəti iclası keçirilib – Fotolar
Oktyabrın 11-də Bakı şəhərində MDB-yə üzv dövlətlərin təhlükəsizlik orqanları rəhbərləri Şurasının (SORB) 53-cü iclası keçirilib.
“Qafqazinfo” DTX-nin rəsmi saytına istinadən xəbər verir ki, tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev, Xarici Kəşfiyyat Xidmətinin rəisi general-polkovnik Orxan Sultanov və MDB ölkələrinin müvafiq orqanlarının rəhbərləri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabanda müasir Azərbaycanın banisi və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edərək önünə gül dəstələri qoymuş, ulu öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər
Daha sonra tədbirin rəsmi açılışı olub, gündəlikdə duran məsələlərin müzakirəsinə başlanılıb. DTX-nin rəisi general-polkovnik Əli Nağıyev giriş nitqində qonaqları Azərbaycanda salamlamaqdan məmnun olduğunu bildirib, tədbirin Bakı şəhərində keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Xidmət rəisi SORB-un Belarusun Minsk şəhərində keçirilən son iclasından ötən qısa zaman ərzində dünyada təhlükəsizlik və geosiyasi cəhətdən bir sıra köklü dəyişikliklərin baş verdiyini, bəzi ölkələrdə yeni münaqişə ocaqlarının yarandığını, beynəlxalq terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlıq, dini ekstremizm, narkotik vasitələrin qanunsuz dövriyyəsi hallarının artdığını və bu vəziyyətin ölkələrdə əməliyyat şəraitini xeyli mürəkkəbləşdirdiyini qeyd edib, tədbirin göstərilən istiqamətlərdə təcrübə və fikir mübadiləsi aparmağa, MDB dövlətlərinin mənfi təzahürlərə qarşı birgə mübarizə üsullarını və koordinasiyalı iş mexanizmini daha da təkmilləşdirməyə, gələcək fəaliyyətin konturlarını cızmağa əlavə imkanlar yaradacağına, mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələrinin yeni mərhələyə yüksələcəyinə inandığını deyib. Əli Nağıyev iclasın gündəliyində həlli vacib məsələlərin durduğunu, tədbir çərçivəsində dövlətlərin təhlükəsizliyi baxımından mühüm qərarların qəbul ediləcəyinə, ümumilikdə iclasın məhsuldar keçəcəyinə ümidvar olduğunu bildirib.
Respublikamızda təhlükəsizliyə və sabitliyə əsas təhdidlərdən sayılan, Azərbaycanın Qarabağ bölgəsində fəaliyyət göstərmiş qanunsuz erməni silahlı birləşmələrinə qarşı həyata keçirilmiş antiterror tədbirləri barədə məlumat verən general-polkovnik Əli Nağıyev bildirib ki, həmin cinayətkar birliklərin 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın ziddinə olaraq ərazilərimizdən çıxmaması, son zamanlar onlar tərəfindən yaşayış məntəqələrinin və kommunikasiyaların davamlı minalanması, ordumuzun mövqelərinin fasiləsiz atəş altında saxlanılması, mülki vətəndaşların və polis əməkdaşlarının həlak olması ilə nəticələnən terror aktlarının törədilməsi qısamüddətli antiterror tədbirlərinin keçirilməsini zəruri və təxirəsalınmaz edib, bununla da Azərbaycan Respublikası öz suverenliyini bərpa edib.
Sonra iclas birlik ölkələrinin təhlükəsizlik məsələləri üzrə, o cümlədən MDB məkanında sabitliyin pozulmasına yönələn destruktiv fəaliyyətə və yeni çağırışlara qarşı səylər birləşdirilməklə birgə mübarizəyə dair digər iştirakçıların çıxışları və qarşılıqlı müzakirələrlə davam edib, yekun sənədlərin imzalanması ilə başa çatıb.
(055) 436-46-45