Mətbuat Şurası “Kanal S”dəki efir pozuntularını pislədi

Agah.az xəbər verir ki, Azərbaycan Mətbuat Şurası “Kanal S” telekanalında baş verənləri pisləyib.
Şuradan verilən məlumatda qeyd edilib ki, son dövrlər Azərbaycanın televiziya məkanında efir mədəniyyətinə riayət edilməməsi halları artıb. Teleaparıcıların və veriliş iştirakçılarının etik qaydalara və ümumi normalara əməl etməməsi ciddi narahatlıq doğurur.
Mətbuat Şurası “Kanal S”in yayımında yaşanan məsələlərə də diqqət çəkib. Bildirilib ki, hər bir teleaparıcı jurnalist statusuna malikdir və jurnalistin müəyyən etik qaydalara riayət etməsi vacibdir. Bu qaydalara görə, aparıcılar iddialı danışıq tərzindən, səsinin tonunu yüksəltməkdən, qıcıqlandırıcı ifadələrdən və şəxsi mövqenin aşırı şəkildə nümayişindən çəkinməlidirlər. Onlar müsahiblərinə və qonaqlara hörmətlə yanaşmalı, onları qınamamalıdırlar.
Həmçinin, Mətbuat Şurası vurğulayıb ki, müzakirələrin adi məişət səviyyəsinə endirilməsi və bayağılaşdırılması, efirdə kirliliyə yol açır və bu, media peşəkarlığına ziddir. Təəssüf ki, “Kanal S”in aparıcısı Nigar Fərhadın təqdimatında bu cür pozuntular baş verib və bunun nəticəsində geniş ictimaiyyətin narazılığına və qəzəbinə səbəb olub.
Azərbaycan Mətbuat Şurası Etika Komissiyası bu hadisəni qətiyyətlə pisləyib və telekanalın rəhbərliyini belə halların təkrarlanmasının qarşısını almaq üçün təxirəsalınmaz tədbirlər görməyə çağırıb. Komissiya, həmçinin, bütün Azərbaycan teleməkanına məsul şəxsləri, ictimai maraqlar və əxlaqın qorunmasına diqqət yetirməyə, sensasiya yaratmaq naminə əxlaq və davranış qaydalarını pozan hallara qarşı hərəkət etməyə çağırıb.