FHN Yel çərşənbəsi ilə bağlı əhaliyə yanğın təhlükəsizliyi qaydalarını xatırladıb

Agah.az məlumat verir ki, Fövqəladə Hallar Nazirliyi (FHN) Yel çərşənbəsi ilə əlaqədar əhaliyə yanğın təhlükəsizliyi qaydalarına riayət olunması ilə bağlı müraciət edib.
Nazirliyin məlumatında qeyd olunub ki, Novruz bayramı münasibətilə qeyd edilən çərşənbələr zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl edilməməsi acı nəticələrə səbəb ola bilər. Xüsusilə, ötən çərşənbədə Bərdə rayonunda azyaşlı N.Qurbanzadənin bayram tonqalına yıxılaraq aldığı yanıq xəsarətləri nəticəsində vəfat etməsi belə halların qarşısının alınmasının vacibliyini bir daha göstərir.
FHN yanğın təhlükəsizliyi üçün aşağıdakı qaydalara əməl olunmasını tövsiyə edir:
- Bayram tonqalı yaşayış evlərindən, avtomobillərdən, elektrik xətlərindən və ağaclardan uzaq yerdə yandırılmalıdır.
- Azyaşlı uşaqların tonqal ətrafında böyüklərin nəzarətində olması vacibdir.
- Tonqal üzərindən atılarkən ehtiyatlı olunmalıdır.
- Tonqal tam sönənədək nəzarətdə saxlanmalıdır.
- Bayram süfrələrində yandırılan şamlar nəzarətsiz buraxılmamalıdır.
- Küləkli hava şəraitində tonqal yandırmaq təhlükəlidir.
- Pirotexniki vasitələrdən istifadə qadağandır!
FHN bir daha xəbərdarlıq edir: qaydalara əməl etməmək həyatımıza təhlükə yaradır!