Şahdağda Avrasiya Dağ Turizmi Forumu keçirilir

Agah.az xəbər verir ki, bu gün Dövlət Turizm Agentliyinə məxsus “Şahdağ Turizm Mərkəzi” QSC-də Avrasiya Dağ Turizmi Forumu başlayıb. Tədbir Avrasiya Dağ Kurortları Alyansının və “Şahdağ Turizm Mərkəzi”nin təşkilatçılığı ilə “Avrasiyada dağ turizminin perspektivləri və imkanları” mövzusunda keçirilir.
Foruma Azərbaycan, Qazaxıstan, Özbəkistan, Rusiya və Cənubi Koreyanın dağ kurortlarının nümayəndələri, həmçinin Belarus, Gürcüstan və Qırğızıstandan olan turizm ekspertləri daxil olmaqla, ümumilikdə 150-yə yaxın şəxs qatılıb.
Tədbirin açılışı Alyansa üzv ölkələrin xizək təlimçilərinin milli musiqiləri müşayiətində yürüşü ilə başlayıb.
Martın 6-na qədər davam edəcək Forumda Alyansın 2025-2026-cı illər üzrə fəaliyyət planı, dağ turizminin inkişafı, turizm marşrutlarının yaradılması, kurortlarda təhlükəsizlik tədbirləri, üzv ölkələr arasında əməkdaşlığın genişləndirilməsi, turizmdə vahid standartların tətbiqi və qış turizminin inkişafında dövlət dəstəyinin gücləndirilməsi kimi məsələlər müzakirə ediləcək. Həmçinin Mərkəzi Asiya ölkələri ilə işbirliyinin artırılması barədə layihələr nəzərdən keçiriləcək.
Forum çərçivəsində Alyans ölkələrinin nümayəndələri arasında xizək yarışı və milli mətbəx festivalı təşkil olunacaq.