KOB evlərində sahibkarlara göstərilən xidmətlər genişlənir

Agah.az xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin məlumatına görə, martın 3-dən etibarən “Bakı KOB evi”ndə yeni bir xidmət fəaliyyətə başlayıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Dəniz və Liman Agentliyi (DDLA) tərəfindən xüsusi hazırlıq şəhadətnamələrinin kurslarda iştirak etmədən yenilənməsi ilə bağlı müraciətlərin qəbulu artıq “Bakı KOB evi”ndə həyata keçiriləcək. Bu xidmətdən yararlanmaq istəyənlər birbaşa “Bakı KOB evi”ndə DDLA-nın xidmət pəncərəsinə müraciət edə bilərlər.
KOB evlərində sahibkarlıq subyektlərinə göstərilən digər xidmətlərlə bağlı məlumatı www.smb.gov.az saytından və ya 131 Çağrı Mərkəzindən əldə etmək mümkündür.
Qeyd edək ki, KOB evlərində 50-yə yaxın dövlət və özəl qurum tərəfindən sahibkarlar üçün 400-dən çox “G2B” (dövlət-biznes) və “B2B” (biznes-biznes) xidməti təqdim olunur.