Xocalı soyqırımının 33-cü ildönümü qeyd olunur

Agah.az xəbər verir ki, bu gün Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhərində törədilmiş soyqırımının 33-cü ildönümüdür.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri 366-cı motoatıcı alayın dəstəyi ilə Xocalıya hücum edib. Şəhərin 2 500 sakini xilas olmaq üçün Ağdama doğru hərəkət etsə də, ermənilər dinc insanlara divan tutub.
Soyqırımı nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca qətlə yetirilib. 1 275 sakin əsir götürülüb, onlardan 150-nin taleyi hələ də naməlumdur. 475 nəfər ağır yaralanıb, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.
Azərbaycan Milli Məclisi 1994-cü ildə Xocalı soyqırımını rəsmən tanıyıb. Hazırda Pakistan, Meksika, Çexiya, Kolumbiya, Bosniya və Herseqovina da daxil olmaqla bir sıra ölkələr və ABŞ-ın onlarla ştatı Xocalı faciəsini soyqırım kimi tanıyıb.
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası həyata keçirilir. Prezident İlham Əliyev 2014-cü ildə bu kampaniyanın rəsmi keçirilməsi barədə sərəncam imzalayıb.
2023-cü ilin sentyabrında Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror tədbirləri nəticəsində Xocalı işğaldan tam azad olunub. 15 oktyabr 2023-cü ildə Prezident İlham Əliyev Xocalıda Azərbaycan bayrağını ucaldıb.
Hazırda Xocalı hadisəsində şübhəli bilinən hərbi xunta nümayəndələri məhkəmə qarşısına çıxarılıb və bu faciənin hüquqi qiymət alması istiqamətində tədbirlər davam edir.