Bələdiyyələrin fəaliyyəti ilə bağlı 21 cinayət işi açılıb

Agah.az xəbər verir ki, ötən il bələdiyyələrin fəaliyyətində aşkar edilən qanun pozuntuları ilə bağlı 21 cinayət işi başlanıb. Bu məlumat Milli Məclisin Regional məsələlər komitəsinin iclasında müzakirəyə çıxarılan “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi”ndə öz əksini tapıb.
Məruzəyə əsasən, müxtəlif bələdiyyələrdə qanunsuzluqlar qeydə alınıb:
- Daşkəsən rayonu, Çanaqçı bələdiyyəsi – Saxta qərarlar tərtib edərək torpaq sahələrinin ayrılması ilə bağlı vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığına görə cinayət işi açılıb.
- Daşkəsən rayonu, Çovdar bələdiyyəsi – Yerli büdcə vəsaitlərinin mənimsənilməsi və əmlakın israf edilməsi faktına görə cinayət işi başlanıb.
- Neftçala rayonu, Xolqarabucaq bələdiyyəsi – Səhlənkarlıq faktına görə cinayət işi açılıb.
- Ağsu rayonu, İlxıçı bələdiyyəsi – İcarə haqlarının büdcəyə ödənilməməsi səbəbindən mənimsəmə ittihamı ilə cinayət işi açılıb.
- Göygöl rayonu, Toğanalı bələdiyyəsi – Sədrin iclas protokollarını saxtalaşdıraraq maliyyə və torpaq məsələlərində təkbaşına qərarlar verməsi ilə bağlı araşdırma aparılır.
- Cəlilabad rayonu, Ağdaş bələdiyyəsi – 2018-2024-cü illərdə bələdiyyə əmlakının israf edilməsi səbəbindən cinayət işi açılıb.
- Saatlı rayonu, Mircəlal bələdiyyəsi – Büdcə vəsaitlərinin mənimsənilməsi və əmlakın israf edilməsi faktına görə istintaq gedir.
- Astara rayonu, Şahağacı bələdiyyəsi – Bələdiyyə torpaqlarının dəyərindən aşağı qiymətə icarəyə verilməsi səbəbindən dələduzluq və vəzifə səlahiyyətlərini aşma maddələri ilə cinayət işi başlanıb.
Bundan əlavə, Saatlı, Göygöl, Cəlilabad, Şəmkir, Ağcabədi, İsmayıllı rayonlarında fəaliyyət göstərən bələdiyyələrin vəzifəli şəxsləri barədə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün istintaq orqanlarına göndərilib.
Məlumata görə, son 5 ildə 158 bələdiyyədə cinayət tərkibli faktlar aşkar edilərək hüquqi araşdırmaya yönləndirilib.
Qeyd edək ki, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti Ədliyyə Nazirliyi həyata keçirir.