İsrail HƏMAS-ı razılaşmalardan imtina etməkdə günahlandırıb
Agah.az xəbər verir ki, İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi HƏMAS-ı atəşkəs sazişinin vasitəçilərlə razılaşdırılmış bəndlərindən imtina etməkdə günahlandırıb. Baş nazirin ofisinin mətbuat xidmətinin məlumatında qeyd olunur ki, “HƏMAS son anda böhran yaradaraq razılaşmalardan imtina edir”.
Bununla yanaşı, HƏMAS Qəzza zolağında atəşkəs razılaşmasına sadiq olduğunu bəyan edib. Hərəkatın Siyasi Bürosunun üzvü İzzət əl-Rişk də vasitəçilərin elan etdiyi razılaşmaya əməl etdiklərini vurğulayıb.
Yanvarın 15-də məlum olub ki, İsrail və HƏMAS Qətərdə atəşkəs və girov mübadiləsi haqqında saziş imzalayıb. Razılaşmaya əsasən, 42 günlük atəşkəs dövründə İsrail ordusu Qəzza zolağının sərhədlərinə çəkilməli olsa da, hələlik bölgədə qalacaq.
Sazişin ilk mərhələsi çərçivəsində 33 israilli girov qarşılığında min fələstinli məhbusun azad edilməsi nəzərdə tutulub. Bununla yanaşı, atəşkəsin ilk günündən etibarən gündəlik 600 yük maşını həcmində humanitar yardım çatdırılması planlaşdırılır. Fələstinlilər əlavə olaraq 200 min çadır və 60 min mobil evlə təmin ediləcəklər.
(055) 436-46-45