2024-cü ildə ölümlə nəticələnən yol qəzalarının sayı azalıb
Agah.az xəbər verir ki, 2024-cü il ərzində baş verən yol-nəqliyyat hadisələrində vəfat edənlərin sayı əvvəlki illə müqayisədə 100 nəfər azalıb. Bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi Rövşən Tağıyev məlumat verib.
O bildirib ki, yol hərəkəti təhlükəsizliyinə dair aparılan təbliğat işləri və avtomobil parkının yenilənməsi müsbət nəticələr verib:
“2024-cü ildə qəzaların ağır nəticələrinin azalması bizim üçün sevindiricidir. Avtomobil parkının müasir tələblərə cavab verən nəqliyyat vasitələri ilə yenilənməsi və sürücülərin məsuliyyətinin artırılması bu azalmanın əsas səbəbləridir.”
Tağıyev qeyd edib ki, ən ciddi qayda pozuntuları arasında sürət həddinin aşılması və ötmə qaydalarının pozulması öndədir. Bununla yanaşı, ölümlə nəticələnən qəzaların 50%-ni piyadavurma halları təşkil edir.
“Piyadalar hələ də təhlükəsizlik qaydalarına tam riayət etmir. İşıqforun qırmızı işığında keçən və magistral yolları qaçaraq keçməyə çalışan piyadalar qəzaların əsas səbəblərindəndir,” – deyə Tağıyev vurğulayıb.
Rövşən Tağıyev qeyd edib ki, yol qəzalarında hər bir ölüm hadisəsi çoxdur:
“Biz yollarda bir nəfərin belə həyatını itirməsini qəbul etmirik və buna qarşı davamlı çalışırıq. Ancaq əsas məsuliyyət hərəkət iştirakçılarının, yəni sürücü və piyadaların üzərinə düşür. Qaydalara riayət etmək hər kəsin həyatını qorumada əsas amildir.”
Açar sözlər: yol qəzaları, ölümlü qəzalar, 2024 yol təhlükəsizliyi, piyadavurma, avtomobil parkının yenilənməsi, yol polisi.
(055) 436-46-45