Salyan rayonunun Şorsulu kəndində Heydər Əliyev Fondu tərəfindən inşa olunan 300 şagird yerlik yeni məktəb binası istifadəyə verilib.

AGAH.AZ  report-a istinadən xəbər verir ki, məktəbin açılış mərasimində Heydər Əliyev Fondunun, Elm və Təhsil Nazirliyinin, Salyan Rayon İcra Hakimiyyətinin rəsmiləri, müəllimlər, şagirdlər, valideynlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, Heydər Əliyev Fondunun təhsil istiqamətindəki layihələrindən biri də Salyan rayonunun Şorsulu kəndini əhatə edib. Burada 1926-cı ildə inşa olunmuş N.İbrahimov adına tam orta məktəb istifadəyə yararsız vəziyyətə düşdüyündən yeni təhsil ocağının inşasına ehtiyac var idi. Yeni məktəbin tikintisini üzərinə götürən Heydər Əliyev Fondunun gördüyü işlər nəticəsində 2023-2024-cü tədris ili üçün yeni məktəb istifadəyə verilib. Belə ki, Fondun təşəbbüsü ilə ötən ilin noyabrında iki mərtəbədən ibarət 300 şagird yerlik yeni məktəb binasının inşasına başlanılıb. Məktəb binası qısa müddətdə tikilərək bu gün istifadəyə verilib.

Məktəbdə şagirdlərin normal təhsil almaları üçün zəruri şərait yaradılıb. Üç korpusdan ibarət olan təhsil müəssisəsində 13 sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları, informatika, hərbi təlim, qızlar və oğlanlar üçün əmək təlimi otaqları, kitabxana, yeməkxana, akt və idman zalları, açıq idman meydançası var. Məktəb lazım olan mebel və avadanlıqlarla, fənn kabinetləri, laboratoriyalar əyani vəsaitlərlə təchiz edilib. Məktəbin həyətində abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb.

Qeyd edək ki, son bir neçə ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Salyan rayonunda 15-ə yaxın yeni məktəb binası tikilib və ya əsaslı təmir olunub. Son üç ildə isə Fond tərəfindən rayonun Ərəbqardaşbəyli, Qızılağac, Aşağı Kürkənd və Qarabağlı kəndlərində yeni məktəb binaları tikilərək şagirdlərin ixtiyarına verilib.

QALEREYA