Quba sakinləri çıxılmaz durumda: “Hər sel gələndə yolumuz bağlanır” – VİDEO

Dostuna göndər xəbərdən agah olsun:

Qubanın dağlıq Dərk və Talış kəndlərinin yolu yenə bağlanıb, yerli sakinlərin rayon mərkəzi ilə əlaqəsi tam kəsilib.

Bu barədə Dərk kənd sakinləri Bizim.media-ya məlumat veriblər.

Sakinlər bildiriblər ki, yolun bağlanmasına səbəb Babaçaya yenidən güclü sel gəlməsidir. Bu hal son günlər neçənci dəfədir ki, təkrar olunur. Rayonla əlaqə kəsilir, nəticədə çıxılmaz vəziyyət yaranır.

Qubadakı 11 saylı xüsusi təyinatlı yol istismar idarəsinin rəisi Hikmət Seyidov da sakinlərin dediklərini təsdiqləyib.

Onun sözlərinə görə, son 10 gündə artıq 4-cü dəfədir Babaçaya sel gəlir, Dərk və Talış kəndlərinin yolu bağlanır. Çaydan sel keçəndə isə texnikanı suya salıb, yolu bərpa etmək mümkün olmur:

“Çayın səviyyəsi enməmiş yolun bərpasına başlaya bilmirik. Su çox olanda texnika işləyə bilmir. Çayın içərisindən keçən bu yol hər sel gələndə ciddi problem yaradır, sel yavaşlayan kimi təmir edirik, yenə sel gəlib yuyub aparır”.

Hikmət Seyidov məlumat verib ki, çayın içərisindən keçən yol 380 metrdir:

“Bu gecə idarənin əməkdaşları burada növbə çəkiblər ki, su azalan kimi işlərə başlasınlar, amma hələ də suyun səviyyəsi aşağı düşməyib”.

İdarə rəisi yaranan problemlə bağlı Quba Rayon İcra Hakimiyyətinə və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə də məlumat verildiyini deyib.

O, qeyd edib ki, agentliyin sədri Saleh Məmmədovun məsələ ilə bağlı xüsusi göstərişi var:

“Belə hallarda bağlı yolun bərpası imkan daxilində tez aparılmalıdır. Hazırda texnika və canlı qüvvəmiz orada gözləyir ki, su azalan kimi yolun açılmasını təmin etsinlər”.

Quba 11 saylı xüsusi təyinatlı yol istismar idarəsinin rəisi Hikmət Seyidov əlavə edib ki, Dərk və Talış kəndlərinə gedən yolun bu hissəsi Babaçayın içi ilə keçdiyindən yeni yol salmaq və ya körpü inşa etmək də mümkün deyil, amma insanları bu problemdən birdəfəlik qurtarmaq üçün alternativ qərar verməyin vaxtı çatıb.

“Bununla bağlı müzakirə aparıb yekdil fikrə gələcəyik”.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45