2024-cü ildə Azərbaycanda 13545 yanğın hadisəsi qeydə alınıb

2024-cü ildə Azərbaycanda 13545 yanğın hadisəsi qeydə alınıb
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) yaradılmasının 19-cu ildönümü və işçilərinin peşə bayramı münasibətilə Nazirliyin inzibati binasında təntənəli iclas keçirilib. İclasda çıxış edən nazir Kəmaləddin Heydərov 2024-cü il ərzində görülmüş işlər və əldə olunan nailiyyətlər haqqında ətraflı məlumat verib.

Nazir bildirib ki, bu il ölkə ərazisində 13 545 yanğın hadisəsi baş verib. Bunlardan 4 472-si Bakı şəhərində, 357-si isə işğaldan azad edilmiş ərazilərdə qeydə alınıb. Hər gün orta hesabla 41 yanğına müdaxilə edilib. Yanğınların qarşısının alınması zamanı 78 nəfərin həyatı xilas olunub və 1 041 nəfər təhlükəsiz ərazilərə təxliyə edilib.

Kəmaləddin Heydərov qeyd edib ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin hərbi hissələri işğaldan azad olunmuş ərazilərdə minaların təmizlənməsi işlərini davam etdirir. Həmçinin, müxtəlif qəza-xilasetmə əməliyyatları zamanı 1 095 nəfər xilas edilib, 101 nəfərin cəsədi isə müxtəlif yerlərdən çıxarılıb.

Dalğıc-xilasedicilər tərəfindən nəzarət olunan çimərlik ərazilərində batmaq təhlükəsi ilə üzləşmiş 71, qeyri-çimərlik ərazilərində isə 90 nəfər xilas olunub. Cari ildə qeydə alınan digər fövqəladə hallarla bağlı da operativ tədbirlər görülüb.

Tədbirdə Prezident İlham Əliyevin sərəncamı ilə təltif olunmuş FHN əməkdaşlarına mükafatlar təqdim edilib və Ali Baş Komandana dəstək məqsədilə iclas iştirakçılarının adından müraciət qəbul olunub.

Açar sözlər: FHN 2024, yanğın statistikası, fövqəladə hallar, xilasetmə əməliyyatları, Kəmaləddin Heydərov, təhlükəsizlik tədbirləri.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45