Ali Məhkəmənin Elmi-məsləhət şurasının iclasında hüquqşünaslara müraciət edilib

Ali Məhkəmənin Elmi-məsləhət şurasının iclasında hüquqşünaslara müraciət edilib
Dostuna göndər xəbərdən agah olsun:

Ali Məhkəmənin Elmi-məsləhət şurasının iclasında ad-hoc üzv kimi iştirak etmək istəyən hüquqşünaslara müraciət edilib.

Qurumdan verilən məlumata görə, müraciətdə qeyd edilib ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin yanında Elmi-məsləhət şurasının növbəti iclasının 2025-ci ilin 25 fevral tarixində keçirilməsi planlaşdırılır.

İclasda “İnzibati müqavilə və ondan irəli gələn mübahisələrə baxılmasının xüsusiyyətləri” mövzusu üzrə müzakirələrin təşkili nəzərdə tutulub.

“Günümüzdə ictimai xidmətlərin dairəsinin genişlənməsi nəticəsində bəzi hallarda, dövlətin öz resursları yetərli olmadığından həmin xidmətlərin həyata keçirilməsinin hüquqi və fiziki şəxslərə həvalə edilməsi təcrübəsinə daha tez-tez müraciət edilir. Bunun nəticəsi olaraq inzibati müqavilə institutunun inkişafı müşahidə olunur.

İnzibati müqavilə inzibati orqanların inzibati fəaliyyətinin formalarından biri kimi təzahür edir. Belə müqaviləyə, bir qayda olaraq, ictimai xidmət missiyasının icrası və ya ictimai maraqları ödəmək üçün dövlət orqanı (inzibati orqan və ya publik hüquqi şəxs) ilə xüsusi şəxslər (xüsusi hüququn subyekti olan fiziki və hüquqi şəxslər) arasında bağlanılan müqavilə anlayışı verilir. İnzibati müqavilə xüsusi hüquq müqavilələrindən bir neçə əsas xüsusiyyətlərinə görə fərqləndirilir – inzibati orqanın üstün mövqedə olması, ictimai marağı təmin etmək məqsədilə bağlanması, spesifik hüquqi rejimə tabe olması, inzibati orqan tərəfindən birtərəfli qaydada dəyişdirilməsi imkanlarının mövcudluğu, müqavilə tərəflərinin assimetrik hüquq və vəzifələri və s.

Ölkəmizdə “İnzibati İcraat haqqında” Qanunda inzibati müqavilələr inzibati fəaliyyətin forması kimi aşkar təsbit olunmasa da, məhkəmə təcrübəsində belə xarakterə malik müqavilələrin mübahisələndirilməsinə dair işlərə rast gəlmək mümkündür. Bu mənada son dövrlər inzibati müqavilə ilə bağlı məsələlər məhkəmə təcrübəsində aktual müzakirə predmetinə çevrilib”, – müraciətdə bildirilib.

Qeyd edilib ki, mövzu ilə bağlı aşağıdakı və digər suallar ətrafında müzakirə aparılması təklif edilir:

1. İnzibati müqavilənin anlayışı və onun fərqləndirici əlamətləri (xüsusiyyətləri);
2. İnzibati müqavilə ilə mülki hüquqi müqavilənin müqayisəli təhlili;
3. Məhkəmə aidiyyəti;
4. İnzibati müqavilələrdən irəli gələn mübahisələrə baxılmasının xüsusiyyətləri (iddia müddəti, üçüncü şəxslərin inzibati müqaviləni mübahisələndirməsi, mübahisənin mahiyyəti üzrə həlli zamanı tətbiq edilməli olan hüquqi yanaşmalar və s.).

Müzakirə ediləcək mövzunun əhəmiyyəti nəzərə alınaraq, bu sahələr üzrə ixtisaslaşmış hüquqşünas ekspertlər ad-hoc üzv kimi Elmi-məsləhət şurasının təşkil edəcəyi müzakirələrdə iştiraka dəvət edilir.

Yuxarıda qeyd olunan mövzulara dair elmi müzakirələrdə iştirak etmək istəyən hüquqşünas ekpertlərin 10 fevral 2025-ci il tarixinədək advisoryboard@supremecourt.gov.az elektron ünvanına CV-lərini təqdim etmələri təklif olunur. Eyni zamanda mövzu üzrə müzakirəyə çıxarılan suallara dair yazılı mülahizələrin təqdim edilməsi tövsiyə olunur.

Elmi-məsləhət şurası tərəfindən seçiləcək ekspertlər iclasa ad-hoc üzvlər kimi dəvət olunacaqlar.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45