Ermənistan səfiri Rusiya XİN-ə çağırıldı

Dostuna göndər xəbərdən agah olsun:

Ermənistan səfiri Vaqarşak Arutyunyan Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Məlumata görə, İrəvanın qeyri-dost hərəkətləri fonunda ona sərt bəyanat verilib.

“Bu yaxınlarda Ermənistan Respublikasının rəsmi dairələrində və siyasi elitasında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində və Rusiya ilə ikitərəfli əsasda müttəfiqlik əlaqələrinin məqsədəuyğunluğuna, habelə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması yolları haqqında Moskva, İrəvan və Bakı arasında 2020-2022-ci illərdə imzalanmış üçtərəfli sazişlər toplusunun həyata keçirilməsinin mümkünlüyünə dair müəyyən şübhələrin yaranması qeydə alınıb.

Bu fonda Ermənistan rəhbərliyi son günlər Rusiyaya qarşı bir sıra qeyri-dost addımlar atıb. Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun ratifikasiyası prosesinin başlanması, Baş nazirin həyat yoldaşı A.V.Akopyanın Kiyev rejiminə humanitar yardımın çatdırılması üçün UKraynaya səfəri, ABŞ-nin iştirakı ilə Ermənistan ərazisində hərbi təlimlərin keçirilməsi buna misaldır”, – deyə XİN-in bəyanatında bildirilib.

Rusiya tərəfi Ermənistan səfirinə bloqer Badalyanın və “Sputnik Ermənistan”ın köşə yazarı Gevorkyanın saxlanmasından narahatlığını çatdırıb.

Həmçinin, Ermənistan parlamentinin sədri Alen Simonyanın Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovaya ünvanladığı bəyanatlara görə Ermənistan səfirinə etiraz notası təqdim edilib.

“Eyni zamanda, Moskva qəti şəkildə inanır ki, Rusiya və Ermənistan müttəfiqlər olaraq qalır və tərəfdaşlıq münasibətlərinin inkişafı, möhkəmləndirilməsinə dair bütün razılaşmalar ölkələrimizin xalqlarının rifahı naminə tam şəkildə həyata keçiriləcək. Bu, digər məsələlərlə yanaşı, KTMT çərçivəsində təlimlərin təşkilinə və daha sonra Ermənistanla Azərbaycan arasında nizamlanmanın asanlaşdırılması üçün Təşkilatın müşahidə missiyasının respublikaya göndərilməsinə aiddir. Rusiya tərəfi bundan sonra da bu məqsədlər üçün bütün lazımi səyləri göstərəcək” – XİN-in məlumatında deyilir.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45