“Azərişıq”: Paytaxt və bölgələrdə elektrik enerjisinin talanması halları aşkarlanıb – VİDEO

Dostuna göndər xəbərdən agah olsun:

“Azərişıq” ASC tərəfindən paytaxt və bölgələrdə elektrik enerjisinin talanması halları aşkarlanıb.

“Azərişıq”dan verilən məlumata görə, ASC elektrik enerjisi itkilərinin azaldılması yönündə yenilənmə işlərini davam etdirir. Xüsusilə innovativ texnologiyalar əsasında həyata keçirilən yenilənmələrlə yanaşı abonentlərlə mütəmadi maarifləndirici söhbətlər aparılır.

Görülən tədbirlərə baxmayaraq, elektrik enerjisinin talanması hallarının qarşısını tam almaq mümkün olmayıb. “Azərişıq” ASC əməkdaşları sayğaclara aylıq baxış zamanı həm əhali, həm də qeyri-əhali abonent qrupları arasında elektrik enerjisindən qanunsuz istifadə halları aşkarlayıb.

Abşeron rayonunda iki ayrı fərdi yaşayış evində sayğaca baxış zamanı məlum olub ki, mənzilə sayğac sxemindən kənar xətt daxil olur. Həmçinin Xəzər rayonunda, Maştağa kəndində və Balakən rayonunda fərdi yaşayış evlərinə baxış keçirilərkən evlərə sayğac sxemindən kənar xətt daxil olması aşkarlanıb.

“Azərişıq” tərəfindən Ağstafa rayonunda sayğaclara aylıq baxış keçirilən zaman fərdi yaşayış evində sayğacın giriş çıxış xətlərinin eyni yuvada birləşdirildiyi müəyyən olunub.

Fərdi yaşayış evləri ilə yanaşı obyektlərdə də elektrik enerjisindən qanunsuz istifadə halları aşkar edilib. Zirə qəsəbəsində yerləşən marketlərin birində, Şirvanda isə gözəllik salonunda obyektlərə sayğac sxemindən kənar xətt daxil olduğu müəyyən edilib.

Qeyd edək ki, elektrik enerjisinin abonentlərə keyfiyyətli verilməsi və talanma hallarının qarşısının alınması məqsədilə “Azərişıq” ASC mütəmadi monitorinqlər keçirir. Qanunsuz istifadə aşkar olunduqda abonentlərin elektrik enerjisi təchizatı dərhal dayandırılaraq barələrində qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülür. Həmçinin, həmin obyekt və müəssisələrin adları kütləvi informasiya vasitələrində ictimaiyyətə təqdim olunacaq.

Abonentlər bilməlidirlər ki, uçotdan kənar qoşulmalar səbəbindən elektrik xətləri həddən artıq yüklənir. Nəticədə həmin xətlər boyunca elektrik enerjisinin keyfiyyəti azalır və gərginliyin aşağı düşməsinə səbəb olur. Bu da abonentlərin keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsinə maneələr yaradır. Ən əsası isə belə hallar insanların həyat və sağlamlığı üçün təhlükəlidir.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45