Heydər Əliyev Beynəlxalq Aeroportunda tranzit daşımaları 2 dəfədən çox artıb
Heydər Əliyev Beynəlxalq Aeroportundan oktyabrda daşınmış tranzit sərnişinlərin sayı 2,4 dəfə artaraq 33 minə çatıb və bu da Bakının beynəlxalq tranzit mərkəzi kimi mövqeyini daha da möhkəmləndirir.
Bu barədə hava limanı xəbər verir.
Bu ilin oktyabrında aeroport 631 mindən çox sərnişinə xidmət göstərib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 26 % çoxdur. Həmin ay ərzində ümumilikdə 4779 uçuş yerinə yetirilib. Beynəlxalq istiqamətlərdə daşınan sərnişinlərin 51,1 %-i xarici aviadaşıyıcıların payına düşüb.
Məlumata görə, hazırda aeroportda 18-i aşağıbüdcəli (loukoster) olmaqla, 39 aviaşirkət fəaliyyət göstərir ki, bu da sərnişinlərə daha çox iqtisadi seçim imkanı yaradır.
Heydər Əliyev Beynəlxalq Aeroportu Bakını 80-dən çox beynəlxalq istiqamətlə birləşdirərək, Azərbaycanı qlobal səyahət mərkəzi kimi dünyaya təqdim edir. Avropanın London, Paris və Roma kimi əsas şəhərlərindən tutmuş Yaxın Şərq, Mərkəzi Asiya və Cənubi Asiyaya qədər geniş marşrut şəbəkəsi sərnişinlərə müxtəlif istiqamətlərdə səyahət üçün geniş seçim imkanları yaradır.
“Biz mövcud əlaqələri gücləndirməklə sərnişinlərə rahat və keyfiyyətli səyahət təcrübəsi təklif edirik. Məqsədimiz Bakını həm tranzit, həm də təyinat nöqtəsi kimi qlobal səyahətçilər üçün cəlbedici mərkəzə çevirməkdir”, – aeroportun direktoru Teymur Həsənov bildirib.
Məlumatda qeyd olunub ki, hava limanı müasir infrastrukturu, səmərəli transfer imkanları və sərnişin məmnunluğunu əsas tutan xidmətləri ilə fərqlənir: “Hər bir sərnişinin rahatlığı və təhlükəsizliyini təmin etmək üçün yüksək beynəlxalq standartlara əməl edilir”.
(055) 436-46-45