“BQXK təxribatçılıqda israrlı olsa, Sazişdə nəzərdə tutulan addımları atmaqdan çəkinməməliyik” – ŞƏRH + FOTO

Dostuna göndər xəbərdən agah olsun:

“Beynəlxalq humanitar hüquqla əsas hədəfi silahlı münaqişələrin qurbanlarını qorumaq olan Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Azərbaycanda 1992-ci ildən fəaliyyət göstərir. Ötən 31 illik periodda nə münaqişə dövründə, nə də postmüharibə reallığında BQXK-nın Azərbaycana münasibətdə ciddi və səmərəli fəaliyyətinə şahid olmuşuq. Əksinə, “bitərəflik”, “qərəzsizlik”, “vahidlik” kimi fundamental prinsipləri rəhbər tutmaq barədə öhdəlik götürən BQXK Ermənistanla vahid tərəf kimi çıxış edib”.

Bu fikirləri Oxu.Az-a Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib. O xatırladıb ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi 1949-cu il Cenevrə Konvensiyaları, onun 1977-ci il Protokolları və 2005-ci il Əlavə Protokollarının iştirakçısı olan dövlətlərin mandatı əsasında fəaliyyət göstərir:

 

“Amma təsisatın regionda fəaliyyətinə diqqət etsək, kəşfiyyat xarakterli məlumatların Ermənistana ötürülməsindən humanitar missiya adı altında quldur dəstələrinə dəstək verilməsinə qədər mandatına uyğun gəlməyən çoxsaylı faktlar mövcuddur. Habelə, Azərbaycan Dövlət Sərhəd Xidmətinin sərhəd-nəzarət tədbirləri çərçivəsində “Laçın” sərhəd-buraxılış məntəqəsində Qırmızı Xaçın qaçaqmalçılıq fəaliyyəti, eləcə də beynəlxalq axtarışda olan hərbi canilərin məsuliyyətdən yayındırılması işini təşkil etməsi kimi qanunsuz fəaliyyətləri ifşa edildi.

Son dövrlərdə isə BQXK Qarabağ bölgəsində yaşayan erməni sakinlərin humanitar ehtiyacları mövzusu və “humanitar fəlakət” şousunun mühüm iştirakçılarından biri kimi çıxış etməklə Azərbaycana münasibətdə açıq təxribat və düşmənçilik fəaliyyəti göstərməkdədir. Baxmayaraq ki, BQXK hansısa siyasi şoulara alət olmaq yox, mümkün humanitar çətinliyin istənilən təhlükəsiz və hüquqazidd olmayan üsul və vasitələrlə aradan qaldırılması istiqamətində fəaliyyət göstərməli, indiki halda daha qısa, daha təhlükəsiz Xankəndi-Ağdam yolunu tərcih etməklə, həm də erməni sakinlərin Azərbaycanın aidiyyəti strukturları ilə birbaşa təmaslarını təşviq etməklə gərginliyin azaldılmasına töhfə verməlidir. Amma görünən odur ki, BQXK qarşılıqlı etimadın yaranması və bununla da bölgədə yekun sülhə nail olunmasında maraqlı deyil. Beləliklə, BQXK regionda artıq faydadan çox, zərər verir və bu baxımdan Qızıl Aypara Cəmiyyətinin üzərində fokuslanmaq daha doğru olar”.

Bəhruz Məhərrəmov onu da vurğulayıb ki, humanitar fəaliyyətin hüquqi bazislərindən sayılan 1997-ci il Seviliya Razılaşmasına ötən il edilmiş müvafiq dəyişikliyə əsasən, humanitar yardımların həyata keçirilməsində aparıcı rolun milli cəmiyyətlərə verilməsi qərara alınıb:

“21 avqust 2023-cü il tarixli bəyanatı ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti də öz növbəsində müvafiq humanitar missiyanın həyata keçirilməsi üçün milli cəmiyyət olaraq bütün potensialını səfərbər etdiyini və bu missiyanın öhdəsindən gələ biləcəyini bəyan edir. Belə olan halda, siyasiləşmiş Qırmızı Xaç Komitəsinin fəaliyyətinə zərurət qalmır. 100 ildən artıq bir müddətdə ləyaqətlə fəaliyyət göstərən Qızıl Ayparanın dini etiqadından, milli mənsubiyyətindən, irqindən, siyasi baxışlarından asılı olmayaraq, bütün ehtiyaclı insanlara münasibətdə zəruri humanitar missiyanı həyata keçirəcəyinə şübhə ilə yanaşmaq üçün heç bir əsas yoxdur.

Nəticədə, ən qısa zamanda regionda təxribatçı fəaliyyətlərlə məşğul olan BQXK-nın “fəaliyyəti”nin Qızıl Aypara ilə əvəzlənməsi barədə qərar qəbul edilməlidir. BQXK isə Azərbaycanla imzaladığı 1996-cı il Sazişinin 9-cu maddəsinin 13-cü bəndi ilə borcludur ki, Azərbaycan Respublikasının qanun və qərarlarına onların dövlətin ərazisində qüvvəyə mindiyi vaxtdan hörmət etsin. BQXK təxribatçılıqda israrlı olarsa, biz elə həmin Sazişin 12-ci maddəsində və 1961-ci il Vyana Müqaviləsinin 9-cu bəndi ilə nəzərdə tutulan addımları atmaqdan çəkinməməliyik”.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45