Türkiyəli millət vəkili: “FETÖ kimi xain təşkilatlarla mübarizəmizdə haqlıyıq” – FOTO

Dostuna göndər xəbərdən agah olsun:

“FETÖ Türkiyədə qurulub şaxələnən, 40 illik tarixə malik hiyləgər bir terror təşkilatı olsa da, sonu çatıb. Çünki biz mübarizəmizdə haqlıyıq”.

Bu fikirləri “Report”un Ankara bürosuna açıqlamasında Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədr müavini, Türkiyə Böyük Millət Məclisinin (TBMM) Ərzurum millət vəkili Kamil Aydın bildirib.

Millət vəkili deyib ki, bu təşkilatı ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Türkiyə pilot olmaq şərti ilə türk və İslam dünyasında maşa olaraq istifadə etmək üçün qurub:

“Bu layihə Yaxın Şərqi, Şərqi Avropada Balkan ölkələrini, Qafqazı, Mərkəzi Asiya və Afrika ölkələrini əhatə edirdi. Keçən əsrin 90-cı illərində sovetlər birliyinin dağılmasından sonra xüsusilə qol-qanad açmağa başladı.

Xatırlayırsınızsa ABŞ Corc Soros vasitəsilə “narıncı inqilab” adı altında siyasət yürüdürdü. Əsas məqsəd də bu idi ki, nəzarətə götürmək istədiyi ölkələrdə hakimiyyətlərini qursunlar. Bunu da təhsil, mədəniyyət və inanc vasitəsilə həyata keçirirdilər. “Açıq cəmiyyət”, “narıncı siyasət”, “insan haqları”, “demokratiya”, “liberallaşma”, “yüksək təhsil” anlayışları uzun müddət kommunist rejiminin təsirləri altında qalan ölkələrin insanları üçün çox cəlbedici oldu. O coğrafiyalarda ABŞ sevilmədiyi üçün vəkalət bir güc olaraq FETÖ mexanizmi işə salındı. Qısa müddətdə FETÖ məktəbləri fəaliyyətə başladı. Sovetlər dönəmində olmayan modern binalar, qərbdə qəbul edilən “güclü təhsil” sistemi qurdular. Hər kəs övladlarının bu məktəblərdə oxutmasını istəyirdi. Məqsəd də guya türk dünyasında təhsil vasitəsilə birlik yaratmaq idi”.

Kamil Aydın deyib ki, Fətullahçı hərəkatının Türkiyədən sonra ən güclü təsiri Azərbaycanda həyata keçirilib:

“Türkiyədə bütün dövlət və qeyri-dövlət təşkilatlarında mövqe tutdular. Çox şükür ki, 2016-cı il 15 iyul hadisələrində onlar süquta uğradı. Amma Azərbaycanın da demək olar ki, hər sektorunda yer aldılar. Çünki “qızıl beyinlilər ovu” ilə ən yüksək mənsəbli ailələri, o cümlədən dövlət adamlarının övladlarını təhsillərinə cəlb etdilər, məkrli ideyalarını o beyinlərə yeritdilər. Və indi o kirlənmiş beyinlərin təmizlənməsinə, aydınlanmasına ehtiyac var. Ona görə Azərbaycanın bu məsələdə çox diqqətli olması zəruridir. Çünki FETÖ və ona oxşar xain qurumlar hər cür dona girə bilirlər”.

Millət vəkilinin fikrincə, bu yaxınlarda BMT-nin Təhlükəsizlik Şurasının iclasında Ermənistan tərəfinin əsassız ittihamlarını Qərbin dəstəkləməsini də “FETÖ olayları”nın davamı kimi qəbul etmək doğru olardı:

“BMT-də nə fəsadlar çevirirlər, məlumdur. BMT-də, Avropa Şurasının iclaslarında hələ də erməni uydurmalarına inanırlar. Niyə? Çünki bu onlara sərf edir. Atatürklə bağlı sənədli filmin yayımının ləğvində erməni lobbisi təsiri rol oynayırsa, deməli, Ermənistanın xaricdə gücü daxilindən qat-qat yüksəkdir. Laçın yolunda qurduqları məkrli planlardan xəbərdarıq. Zəngəzur dəhlizinin açılmaması üçün dişlərini qıcayıb durublar. Azərbaycan isə yüksələn bir ulduzdur, Allah onu qorusun. Ona görə də Azərbaycanla Türkiyə daha güclü şəkildə, həmrəy, birlik-bərabərlik içində olmalıdır. İslam və türk dünyasında hər sahədə əməkdaşlıq daha çox gücləndirilməlidir”.

Professor onu da xüsusi olaraq vurğulayıb ki, FETÖ və bu kimi digər separatçı təşkilatlara qarşı mübarizədə Azərbaycanın düzgün taktika müəyyənləşdirməsi təqdir olunan haldır:

“FETÖ Avropanın bir çox ölkəsində, Balkanlarda və Afrikada hələ də güclüdür. O cümlədən də Mərkəzi Asiyada. Qırğızıstan üçün təhlükə yaşanır. Azərbaycan da bunun fərqində olub, ciddi mübarizəyə başlayıb və bu çox yaxşıdır. Biz mübarizəmizdə haqlıyıq və haqq yolu ilə yolumuza davam edirik”.

 

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45