Azərbaycanda 9 ayda vergi ödəyicilərinə xidmət mərkəzlərində 480 minə yaxın şəxs qəbul edilib

Azərbaycanda 9 ayda vergi ödəyicilərinə xidmət mərkəzlərində 480 minə yaxın şəxs qəbul edilib
Dostuna göndər xəbərdən agah olsun:

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 479 807 şəxs qəbul edilib və onlara 729 305 sayda xidmət göstərilib.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Məlumata görə, göstərilən xidmətlərin 271,7 mindən çoxu şifahi (müraciət etmiş şəxslərin vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar suallarının cavablandırılması), 141,7 mindən çoxu isə elektron xidmətlərə (bəyannamələrin və hesabatların, habelə müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə köməklik göstərilməsi) aid olub.

Ümumi xidmətlərin 89,1 %-ni 9 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib:

Bəyannamələrin (hesabatların), cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;

Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması;

Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi;

Asan İmza sertifikatının verilməsi;

Fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;

Vergi ödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi;

Vergi ödəyicisinə arayışların verilməsi;

Vergi ödəyicisinin fəaliyyətinin bərpası;

Fiziki şəxsin uçotdan çıxarılması.

Hesabat dövründə vergi ödəyicilərindən daxil olmuş 26,5 mindən çox yazılı müraciət cavablandırılıb, onlara 10,8 milyona yaxın məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib.

9 ay ərzində 3 452 vergi ödəyicisinin iştirakı ilə 227 görüş keçirilib, 4 001 ödəyiciyə ünvanlı xidmət göstərilib, onların mobil nömrələrinə 1 milyon 682 mindən çox məlumatlandırma xarakterli SMS göndərilib.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45