Bakı Metrosunda Qəribə Hadisə: Ədliyyə Mayoruna Bizlə Xəsarət Yetirildi
Agah.az xəbər verir ki, oktyabrın 2-də Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında diqqət çəkən hadisə baş verib. Ədliyyə mayoru S.Sultanova (şərti ad) Bakı Şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis İdarəsinə müraciət edərək, bir şəxsin ona bizlə xəsarət yetirib qaçdığını bildirib.
Şikayətçi qadın bildirib ki, axşam işdən çıxıb evə gedərkən onu izləyən iki nəfər olub. Onlardan birinin onun işlədiyi cəzaçəkmə müəssisəsində məhkumluq həyatı keçirdiyini xatırlayıb. Məhkumun işarəsi ilə digər şəxsin bu hücumu planlaşdırdığını iddia edib.
Polis əməkdaşları dərhal hadisə ilə bağlı axtarış tədbirlərinə başlayaraq, şübhəli şəxsləri “Dərnəgül” metrostansiyası ərazisində saxlayıblar. Şəxslərin Kürdəmir rayonunun Yeni Şıxımlı kəndindən olan dayı-bacıoğlu olduğu müəyyən edilib. 2004-cü il təvəllüdlü T.Hümbətov barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokol tərtib edilib.
Saxlanılan şəxs isə qadını tanımadığını və metroda qaçarkən deşici alətin təsadüfən ona toxunduğunu bildirib.
Protokol Binəqədi Rayon Məhkəməsində araşdırılıb. Məhkəmədə çıxış edən ədliyyə mayoru, hadisənin planlı şəkildə törədildiyini və əvvəlcədən hazırlandığını iddia edib. O, həmin şəxslərin metroda onu izlədiyni və şübhəli davranış sərgilədiyini ifadə edib. Metropolitendə Polis İdarəsinin əməkdaşı da hadisənin qəsdən törədildiyini təsdiqləyib.
Binəqədi Rayon Məhkəməsinin qərarı ilə T.Hümbətova 20 sutka həbs cəzası verilib.
Açar sözlər: Bakı metrosunda insident, ədliyyə mayoruna hücum, metroda planlaşdırılmış hücum, Binəqədi Rayon Məhkəməsi, metroda təhlükəsizlik.
(055) 436-46-45